Nikol Paşinyan - Ermənistanda "Sülhün kəsişməsi" və "Tramp marşrutu"ndan başqa layihə ola bilməz
Ermənistanda “Sülhün kəsişməsi” və “Tramp marşrutu”ndan başqa layihə ola bilməz – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfindən “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsi ilə bağlı verilmiş suala cavabında deyib.
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu, danılmaz faktdır.
“Kopenhagen görüşündən sonra verilən bəyanatda deyilir ki, liderlər kommunikasiyalar məsələsini və Ermənistanda “Tramp marşrutu” layihəsini müzakirə ediblər. Beləliklə, hər iki tərəf təsdiqlədi ki, Ermənistan ərazisində “Tramp marşrutu” layihəsi mövcuddur və müvafiq olaraq, bunun əsasında biz bir daha Ermənistanın rəsmi mövqeyini təsdiq edirik ki, Ermənistan ərazisində “Sülhün kəsişməsi” və “Tramp marşrutu”ndan başqa layihələr yoxdur. Bu mövzu daim mübahisə mövzusu olduğu üçün, düzgün prinsip yazılı sənədlərə əsaslanmaqdır. Ümumilikdə isə, Kopenhagendə keçirdiyimiz müzakirələrdən, təmaslarımızdan və sülhün institusionalizasiyası istiqamətində görülən işlərdən razıyam” – Nikol Paşinyan bildirib.