Nikol Paşinyan - Ermənistan yalnız Avropa İttifaqı Ermənistanı qəbul etməyə hazır olduqda Avropa İttifaqına üzvlük müraciətini edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Avropa İttifaqına üzvlük müraciəti ilə rəsmi olaraq müraciət edəcəyi şərtləri açıqlayıb.
“Armenpress” Paşinyanın bu məsələ ilə bağlı hakim partiya “Vətəndaş razılaşması”nın seçkiqabağı proqramının təqdimatında danışdığı haqda məlumat verib.
“Ermənistan Respublikası bu tələblərə tam cavab verənə qədər Avropa İttifaqına üzvlük meyarlarını yerinə yetirmək üçün lazımi islahatları həyata keçirməyə davam edəcək. Ermənistan meyarları yerinə yetirəndə, üzvlük siyasi qərar məsələsinə çevriləcək və Avropa İttifaqının Ermənistanı qəbul etməyə hazır olub-olmamasından asılı olacaq. Əgər hazır olsa, Ermənistan tam üzvlük üçün müraciət edəcək, olmasa, yuxarıda qeyd olunan islahatların həyata keçirilməsi yenə də strateji nailiyyət hesab ediləcək, çünki Ermənistan Avropa standartlarına tam cavab verəcək” – Paşinyan bildirib.
Bununla yanaşı, Paşinyanın Avrasiya İqtisadi İttifaqı ilə münasibətlər haqda danışarkən qeyd etdiyi kimi, Ermənistan hakimiyyəti həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının üzvü olmağın eyni vaxtda mümkün olmadığını dərk edir.
“Lakin, Avropa İttifaqı ilə yaxınlaşmaya və üzvlük meyarlarına uyğunluğa yönəlmiş islahatlar Avrasiya İqtisadi İttifaqına üzvlüklə uyğun olduğu müddətcə, Ermənistan Respublikası bu ittifaqın üzvü olaraq qalacaq və üzv ölkələrlə ticarət-iqtisadi əlaqələrin inkişafını davam etdirəcək” – Ermənistanın Baş naziri qeyd edib.