Nikol Paşinyan: Ermənilər sovet nostaljisini geridə qoyurlar
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ermənilər sovet nostaljisini geridə qoyurlar.
Onun sözlərinə görə, 2018–2025-ci illərdə Ermənistanda həyata keçirilən iri investisiyaların həcmi Sovet Ermənistanında investisiyaların ən yüksək olduğu dövr – 1981–1988-ci illərdəki göstəricini üstələyib.
Paşinyan həmçinin qeyd edib ki, 2025-ci ildə Ermənistanda mənzil tikintisinin həcmi də sovet dövründə qeydə alınan göstəricini keçib.
“Mən bunu mühüm hesab edirəm. Çünki müstəqillik əldə edildikdən sonra ilkin emosional reaksiyalardan sonra xalqımızda çox tez Sovet İttifaqına nostalji yarandı. Bu, müstəqillikdən sonra insanların tikinti aparmaq əvəzinə yolların dağıldığını, yeni uşaq bağçaları tikmək əvəzinə mövcud bağçaların baxımsız qaldığını, məktəblərin tikilməsi əvəzinə onların dağıldığını görməsi ilə bağlı idi.
Məsələ yalnız rəqəmlərdən ibarət deyil. Düşünürəm ki, bu yolla xalqımız da sovet nostaljisini geridə qoyur. Çünki insanlar anlayırlar ki, Ermənistan Respublikası – onların öz dövləti – onları geriyə deyil, gələcəyə doğru aparır. Bu, çox mühüm məsələdir”, – deyə Paşinyan hökumətin iclasında bildirib.