Nikol Paşinyan bəyan edir ki, Ermənistan Apostol Kilsəsini “anti-xristian” qrupdan azad edəcək
Nikol Paşinyan bildirib ki, Ermənistanın Apostol Kilsəsini “anti-xristian” bir qrupdan azad edəcək. Bu barədə Ermənistanın baş naziri sosial şəbəkədə paylaşım edib.
Nikol Paşinyanın sözlərinə görə, “Ermənilərin katolikosu II Qareginin, həmçinin dövlət çevrilişinə hazırlıq və hakimiyyəti ələ keçirməyə çağırışlarda ittiham olunan arxiyepiskoplar Baqrat Qalstanyan və Mikayel Ajapahyanın, eləcə də bəzi digər şəxslərin İsa Məsihin təlimi ilə heç bir əlaqəsi yoxdur.”
“İsa Məsihin evi – Eçmiədzin anti-xristian, doqmatik, anti-milli və anti-dövlət qrup tərəfindən zəbt olunub və o, azad edilməlidir. Mən bu hərəkatın başına keçəcəyəm,” – deyə baş nazir yazır.
Qeyd edək ki, Ermənistanın baş naziri uzun müddətdir ki, Ermənistan patriarxı II Qaregini tənqid edir və onun istefasını tələb edir. 7 iyul tarixində Ermənistan hökumət başçısı bəyan edib ki, əgər II Qaregin dövlət çevrilişinə çağırışlarda və hakimiyyətin zorla ələ keçirilməsində ittiham olunan arxiyepiskopların həbsini qanunsuz hesab edirsə, deməli, onların ideologiyasını bölüşür və Ermənistanda hərbi çevriliş və xaos yaratma planlarını dəstəkləyir.