Nikol Paşinyan – Azərbaycanla da elektrik enerjisinin ixracı və idxalı istiqamətində, eləcə də Türkiyə, İran və Gürcüstanla əməkdaşlıq edə bilərik
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın gələcəkdə ölkədə elektrik enerjisinə əlavə tələbat yarana bilər və bu, Ermənistanda süni intellekt fabriklərinin sürətlə inkişaf etməsi ilə əlaqədardır. Bu barədə Nikol Paşinyan brifinqdə açıqlama verib.
“Armenpress”in məlumatına görə, Ermənistanın baş naziri brifinqdə Azərbaycan prezidenti İlham Əliyevin “Tramp yolu” çərçivəsində Ermənistan ərazisindən keçməklə Naxçıvan istiqamətində elektrik ötürücü xətlərin çəkilməsinin nəzərdən keçirildiyi barədə bəyanatını şərh edib.
Nikol Paşinyanın sözlərinə görə, enerji resurslarının ticarəti məsələsində iki istiqamət nəzərdən keçirilməlidir.
“Son vaxtlara qədər deyirdiksə ki, Ermənistanın elektrik enerjisi üzrə artıq istehsalı var, indi isə ondan danışmalıyıq ki, Ermənistanda elektrik enerjisinə tələbat yarana bilər. Gördüyünüz kimi, süni intellekt fabrikləri sürətlə inkişaf edir və onlar bizim təsəvvürümüzü aşan həcmdə elektrik enerjisi istehlak edəcəklər. Əlbəttə, hazırda ümumi vəziyyətimizdə heç nə dəyişməyib, lakin investorların planları, o cümlədən Ermənistanda yeni süni intellekt fabriklərinin tikilməsi istiqamətindəki planlar bizi enerji strategiyalarına yenidən baxmağa, imkanları yeni şərtlərə və gözləntilərə uyğunlaşdırmağa məcbur edir”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin strateji məqsədi 100 faizlik enerji müstəqilliyinə nail olmaqdır.
“Necə? Ermənistanda günəş elektrik stansiyalarının və enerji saxlama sistemlərinin inkişaf etdirilməsi ilə. Ermənistan günəş enerjisi resursları baxımından çox zəngindir, lakin bu, elektrik enerjisinin beynəlxalq ticarətindən kənarda qalacağımız anlamına gəlmir. Bəzən elektrik enerjisi ixrac edə, bəzən isə idxal edə bilərik. O cümlədən Azərbaycanla da elektrik enerjisinin ixracı və idxalı istiqamətində tərəfdaşlıq və əməkdaşlıq edə bilərik, necə ki, bütün digər ölkələrlə – Türkiyə, İran, Gürcüstan və başqaları ilə”, – Paşinyan bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda yerli media üçün verdiyi müsahibədə Azərbaycanın elektrik şəbəkəsinin Rusiya, İran, Gürcüstan və Gürcüstan vasitəsilə Türkiyə ilə bağlı olduğunu bildirmişdi. Onun sözlərinə görə, Ermənistan ərazisindən Naxçıvana, oradan isə Türkiyə və Avropaya uzanan enerji dəhlizi böhran vəziyyətində Ermənistanın enerji sisteminin sabitliyinin təmin olunmasına da kömək edə bilər.