Nikol Paşinyan – Avropa İttifaqına üzvlük prosesinə başlamışıq, lakin NATO-ya üzv olmaq məqsədi qoymamışıq
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa təhlükəsizliyinin fundamental prinsipləri haqqında Dublində qəbul edilmiş bəyannaməyə niyə qoşulmadığını izah edib.
Paşinyanın parlamentdə sual-cavab zamanı qeyd etdiyi kimi, sənəddə NATO-ya dair çoxlu istinadlar yer alıb.
Sözügedən məsələni deputat Volodya Hakobiyan qaldıraraq Ermənistanın Avropa Siyasi Birliyinin sammitində Fransanın təşəbbüsü ilə qəbul edilmiş sənədə niyə qoşulmadığını soruşub.
“Biz bir səbəbə görə qoşulmadıq. Tərəfdaşlara açıq şəkildə dedim ki, sənəddə NATO-ya həddindən artıq çox istinad var. Biz bildirdik ki, bəli, Avropa İttifaqına üzvlük prosesinə başlamışıq, lakin NATO-ya üzv olmaq barədə qərar qəbul etməmişik və qarşımıza belə bir məqsəd də qoymamışıq” — Paşinyan açıqlayıb.
O, bəyannamənin digər hissələrinin Ermənistan üçün məqbul və əhəmiyyətli olduğunu bildirib. Ermənistan Baş nazirinin izahına əsasən, hökumət Avropa İttifaqına üzvlüklə hərbi-siyasi alyansa daxil olmağı bir-birindən fərqləndirir.
Məlumat üçün bildirək ki, Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransanın təşəbbüsü ilə Avropa təhlükəsizliyinin fundamental prinsipləri haqqında birgə bəyannamə qəbul ediblər. Sənədi aralarında Gürcüstanın da olduğu 40 ölkə imzalayıb.