Nika Melia barəsində təyin edilmiş girov həbs qətimkan tədbiri ilə əvəz olundu
Nika Melia barəsində təyin edilmiş girov həbs qətimkan tədbiri ilə əvəz olundu

 

“Dəyişiklik Naminə Koalisiyası”nın liderlərindən biri Nika Melia barəsində təyin edilmiş girov həbs qətimkan tədbiri ilə əvəz olundu. Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvanqiradze qəbul edib.

Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb girovun ödənilməməsi olub.

Hakim bildirib ki, Nika Melia girovu qəsdən ödəməyib. O, girovun ödənilməsi müddətinin bu gün üçün başa çatdığını deyib.

Bununla yanaşı, İrakli Şvanqiradzenin prosesdə qeyd etdiyi kimi, Nika Melianın adına daşınmaz əmlak var və o, bu əmlak vasitəsilə girovun ödənilməsini təmin edə bilərdi. Hakimin bəyanatına əsasən, məhkəmə təqsirləndirilən şəxsin davranışını da nəzərə alır. O deyib ki, Nika Melia qanunlara tabe olmayan vətəndaşdır.

Məlumat üçün bildirək ki, parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyinə görə, Nika Melianın barəsində qətimkan tədbiri olaraq aprelin 29-da 50 000 lari girov təyin edilib. Melianın girovu ödəmək müddəti dünən başa çatıb. Müvəqqəti istintaq komissiyasının müraciəti əsasında, prokurorluq Meliaya qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüb ki, bu isə “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir və cərimə və ya bir ilədək azadlıqdan məhrum etmə, vəzifə tutmaq və ya fəaliyyət hüququndan üç ilədək məhrum etmə ilə cəzalandırılır.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları Nika Melianı dünən, mayın 29-da inzibati qaydada saxlayıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, o, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi əsasında saxlanılıb, bu isə hüquq-mühafizə orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirərkən və ya xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq, ona qarşı edilən sözlü təhqiri və/və ya digər təhqiredici əməlin törədilməsini nəzərdə tutur.