Nigeriyada qayığın batması nəticəsində azı 50 nəfər həlak olub
Nigeriyada qayığın batması nəticəsində azı 50 nəfər həlak olub, onların əksəriyyəti uşaqlar olub.
Hadisə şahidlərin sözlərinə görə, Nigeriyanın şimal-qərbində yerləşən Sokoto ştatının Goronyo yerli özünüidarəetmə ərazisində baş verib. Qayığın göyərtəsində normadan artıq sayda insanın olması onun batmasına səbəb olub.
“Reuters”in məlumatına görə, xilasetmə qrupları 50 nəfərin meyitini aşkar edib. Onların təxminən 40-ı azyaşlıdır.
Yerli sakinlərdən biri Reuters-ə bildirib ki, qayıqda əsasən fermerlər və düyü biçini üçün muzdla çalışan fəhlələr olub. Hadisə zamanı qayığın göyərtəsində 70-dən çox insan olub.
Reuters yazır ki, Nigeriyada qayıqların batmasına çox vaxt göyərtədə normadan artıq sərnişinin olması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olur.