Niderland Ukraynaya 500 milyon avro dəyərində hərbi yardım göstərəcək

23:02, 28.10.2026

 

Ukrayna və Niderlandın müdafiə sənayesi müəssisələri hava hücumundan müdafiə sahəsində birgə layihə üzərində işə başlayıblar.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına əsasən, Ukrayna tərəfi Niderlandın Baş naziri ilə birlikdə praktiki və iqtisadi əməkdaşlığın gücləndirilməsi üzrə əsas prioritetləri və qərarları müəyyənləşdirib. Əməkdaşlıq müdafiə istehsalı, birgə texnoloji və energetika layihələrini, sənaye inkişafını, peyk texnologiyaları və hava hücumundan müdafiə sahələrini əhatə edir.

Bununla yanaşı, Niderland qışda Ukraynaya 500 milyon avro dəyərində hərbi yardım göstərəcək. Bu barədə Niderlandın Baş naziri Rob İeten Haaqada Volodimir Zelenski ilə görüşdən sonra açıqlayıb.

O, vəsaitin pilotsuz uçuş aparatlarının və digər hərbi texnikanın tədarükünə xərclənəcəyini bildirib.

“Bu dəstək hazırda təcili olaraq lazımdır, çünki reallıq odur ki, Rusiya mülki obyektlərə və kritik infrastruktura hücumları gücləndirib. Nəticədə getdikcə daha çox günahsız insan həlak olur” — Niderlandın Baş naziri qeyd edib.

O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasının deyil, gücləndirilməsinin zəruri olduğunu bildirib.

“Aydındır ki, Putini danışıqlara ciddi yanaşmağa məcbur etməliyik. O dərk etməlidir ki, bu müharibəni uduzur. O, müharibəni döyüş meydanında böyük itkilər hesabına uduzmaqla yanaşı, iqtisadiyyatının çökməsi səbəbindən də məğlub olur” — Rob İeten açıqlayıb.

Öz növbəsində Volodimir Zelenski Ukraynanın energetika obyektlərinə hücumların dayandırılması təşəbbüsünü dəstəklədiyini, Rusiyanın isə buna qarşı çıxdığını qeyd edib.

Oxşar