Niderland Mərkəzi Bankı qızıl ehtiyatlarının bir hissəsini ABŞ və Kanadadan Böyük Britaniyaya köçürüb
Niderland Mərkəzi Bankı qızıl ehtiyatlarının bir hissəsini ABŞ və Kanadadan Böyük Britaniyaya köçürüb
Niderland Mərkəzi Bankı Nyu-York və Ottavada saxlanılan qızıl ehtiyatlarının bir hissəsini Londona köçürüb. Bununla da tənzimləyici öz qızıl ehtiyatlarının likvidliyini və ticarət üçün əlçatanlığını artırıb. Bu barədə bankın açıqlamasında bildirilir.
Açıqlamaya görə, artan geosiyasi qeyri-sabitlik fonunda Niderland Mərkəzi Bankı böhran vəziyyətlərinə hazırlığını gücləndirir.
Niderlandın qızıl ehtiyatlarının likvidliyinin və ticarət üçün əlçatanlığının artırılması bu hazırlığın bir hissəsidir. Bundan əlavə, ehtiyatların Şimali Amerika, Böyük Britaniya və Niderland arasında daha bərabər bölüşdürülməsi risklərin diversifikasiyasına və böhran vəziyyətində qızıla daha sürətli çıxış əldə etməyə imkan verir.
Söhbətin konkret olaraq hansı geosiyasi qeyri-sabitlikdən getdiyi açıqlanmır.
Niderland Mərkəzi Bankının izahına görə, İngiltərə Bankında saxlanılan qızıl dünyanın ən likvid qızıl ehtiyatı hesab olunur. Buna görə də böhran vəziyyətində bank məhz bu ehtiyatlardan daha sürətlə istifadə edə bilər. Nyu-York və Ottavada saxlanılan qızıldan belə vəziyyətdə eyni sürətlə istifadə etmək mümkün deyil.
Ümumilikdə, 2026-cı ilin mart-avqust ayları ərzində Niderland Mərkəzi Bankı təxminən 12 milyard dollar dəyərində 86 ton qızıl köçürüb. Bundan əvvəl ABŞ və Kanadada Niderlanda məxsus 313 ton qızıl saxlanılırdı. Bu, ölkənin ümumi qızıl ehtiyatlarının müvafiq olaraq 31,3 və 19,7 faizini təşkil edirdi.
Hazırda Nyu-York və Ottavada müvafiq olaraq ehtiyatların 18,5 faizi saxlanılır. Londonda bu göstərici 32,1 faiz, Niderlandın Zeyst şəhərində isə 30,8 faizdir.
Hazırda təxminən 381 ton qızıl, yəni Niderlandın ümumi ehtiyatlarının 62,9 faizi ölkə xaricində saxlanılır. Təxminən 189 ton qızıl isə ölkə daxilində yerləşdirilib.
2025-ci ilin sonuna Niderlandın qızıl ehtiyatları 612,4 ton təşkil edib və onların dəyəri 72,2 milyard avro olub.
Niderland qızıl ehtiyatlarının yenidən bölüşdürülməsini Fransa Mərkəzi Bankının ABŞ-da saxlanılan qızıl ehtiyatlarını satmasından sonra həyata keçirib. Fransa həmin ehtiyatları Parisdə saxlanılan qızılla əvəz edib və bildirib ki, bununla qızıl külçələri beynəlxalq standartlara uyğunlaşdırılıb.
Dünyada ikinci ən böyük qızıl ehtiyatına malik Almaniyada isə Nyu-Yorkda saxlanılan qızılın ölkəyə qaytarılması ilə bağlı çağırışlar səslənir. Belə təklifi, o cümlədən ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası irəli sürüb. Partiya hesab edir ki, ABŞ-da yerləşən aktivlərə nəzarətdən Prezident Donald Tramp Almaniyaya təzyiq göstərmək məqsədilə istifadə edə bilər.
Dünyanın ən böyük qızıl ehtiyatı ABŞ-a məxsusdur – təxminən 8 133,5 ton.