“Newsmax” – Ukraynanın F-16 qırıcılarında raket çatışmazlığı pilotları toplardan istifadə etməyə məcbur edir

12:37, 03.09.2026

Ukraynanın F-16 qırıcılarında “hava-hava” tipli raketlərin çatışmazlığı pilotları Rusiyanın hava təhdidlərinə qarşı mübarizədə təyyarənin toplarından istifadə etməyə məcbur edir.
“Newsmax” jurnalisti Şelbi Uaylderin sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələri raketlərin ölkə sərhədini keçdiyi andan etibarən daşınmasını izləyir və silahların təyyarələrə çatmasına qədər nəinki saatları, hətta dəqiqələri də hesablayır. Əsas narahatlıq raketlərin Rusiyanın növbəti genişmiqyaslı hücumuna qədər vaxtında çatıb-çatmayacağıdır.

Nəşrə “Fantom” çağırış adı ilə danışan və özünü 107-ci briqadanın komandiri kimi təqdim edən ukraynalı hərbçi problemi birbaşa təsdiqləyib: “Bəli, bu doğrudur. İstənilən təyyarə silahsız olduqda faydasızdır”.

Məlumata görə, F-16 qırıcıları Ukraynanın çoxqatlı hava hücumundan müdafiə sisteminin mühüm hissəsinə çevrilib. Bu təyyarələr Rusiya dronlarını və qanadlı raketlərini məhv etmək, həmçinin Rusiya döyüş təyyarələrinə qarşı mübarizə aparmaq imkanına malikdir.

Nəşr yazır ki, Ukrayna F-16 qırıcılarından 2024-cü ilin yayından istifadə edir. Təyyarələr əsasən AIM-120 AMRAAM orta mənzilli və AIM-9 Sidewinder qısa mənzilli “hava-hava” tipli raketlərlə silahlandırılır.

“Bu raketlər hazırda çatışmazlıq təşkil edir və onların mövcudluğu döyüş uçuşlarının həyata keçirilib-keçirilməyəcəyini müəyyən edən əsas amilə çevrilib. Raketlər çatışmadıqda pilotlar bortda quraşdırılmış topdan istifadə etməyə məcbur qalırlar. Lakin bu, xüsusilə kiçik və yavaş hədəflərə qarşı, eləcə də gecə vaxtı daha riskli taktikadır.

2025-ci ilin mayında Ukrayna Hərbi Hava Qüvvələri F-16 pilotunun topdan istifadə etməklə üç hədəfi məhv etdiyini, bundan sonra isə fövqəladə vəziyyət səbəbindən katapultasiya etməyə məcbur qaldığını açıqlamışdı”, – deyə “Newsmax” yazır.

Oxşar