“New York Times” – Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı Rusiya NATO-nun qoşunlarını 1997-ci ilin mövqelərinə qaytarmasını tələb edib
Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı Rusiya NATO-nun qoşunlarını 1997-ci ilin mövqelərinə qaytarmasını tələb edib. Bu barədə məlumatı “New York Times” yayır.
Nəşrin qeyd etdiyi kimi, bu tələb Moskva nümayəndələrinin danışıqlarda təqdim etdiyi 10 noyabr tarixli sənəddə yer alıb.
Medianın məlumatına əsasən, tələb Moskvanın Ukraynada müharibə başlamazdan iki ay əvvəl – 2022-ci ilin əvvəlində irəli sürdüyü mövqeyi demək olar ki, sözbəsöz təkrarlayır. Həmin vaxt Rusiya NATO qoşunlarının şərq cinahından, xüsusilə Polşa və Baltikyanı ölkələrdən çıxarılmasını tələb edirdi.
Nəşrin qiymətləndirməsinə əsasən, sənəd Vladimer Putinin öz əsas məqsədlərini dəyişmədiyini göstərir. Vladimer Putin hərbi əməliyyatlar dayandırılmazdan əvvəl müharibənin “köklü səbəblərinin” aradan qaldırılmalı olduğunu qeyd edirdi. Medianın məlumatına əsasən, Əbu-Dabidə Rusiya nümayəndələri müharibədən sonrakı model kimi Soyuq müharibə dövrünü də göstəriblər.
“New York Times”ın mənbələrinin sözlərinə əsasən, bu tələblər hazırkı mərhələdə Moskvanın ilkin mövqeyidir və Rusiya nümayəndələri Putinin müəyyən çeviklik nümayiş etdirəcəyini bildiriblər.
Məlumat üçün bildirək ki, 1997-ci ildə NATO ilə Rusiya arasında “Təsis Aktı” imzalanıb. Həmin ilin iyulunda Madrid sammitində Polşa, Macarıstan və Çexiya NATO-ya üzvlüklə bağlı dəvət alıb, 1999-cu ildə isə alyansa daxil olublar. Baltikyanı ölkələr NATO-ya 2004-cü ildə qoşulublar. 1997-ci ildə sözügedən ölkələr Şimali Atlantika Alyansının üzvü deyildilər.