“New York Post” – Sülh planı çərçivəsində atəşkəs rejiminə nəzarət Ukrayna, Rusiya və NATO-ya üzv olmayan ölkələrin birgə komissiyası tərəfindən həyata keçiriləcək

14:26, 22.04.2025

ABŞ prezidentinin təqdim etdiyi sülh planı çərçivəsində atəşkəs rejiminə nəzarət, Ukrayna, Rusiya və NATO-ya üzv olmayan ölkələrin nümayəndələrindən ibarət birgə komissiya tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə “New York Post” məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, sülh sazişinin detalları hələ razılaşdırılmayıb. Lakin mənbənin sözlərinə görə, plan Ukraynada Avropa qüvvələrinin yerləşdirilməsini də əhatə edə bilər – əgər atəşkəsə nail olunarsa.

“Ən çətin məsələ bu təhlükəsizlik qüvvələrinin necə formalaşacağıdır. Biz onlara dözümlülük qüvvələri deyirik. Bu qüvvələr ukraynalıların istədiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və ümid edirik ki, onlar bu zəmanətləri alacaqlar,” – deyə mənbə bildirib.

Həmçinin, atəşkəsə nəzarət edəcək monitorinq qüvvələrinin yaradılması da nəzərdən keçirilir. Bu qüvvələrə Rusiya, Ukrayna və NATO-ya üzv olmayan üçüncü ölkələrin nümayəndələri daxil olacaq. Missiya cəbhə xəttini izləyəcək və hər iki tərəfin atəşkəs rejiminə əməl etməsini təmin edəcək.

“New York Post”un yazdığına görə, bu missiyada ABŞ da iştirak edə bilər, lakin hərbi qüvvələrlə deyil – maliyyə dəstəyi və üçüncü tərəf vasitəçiliyi ilə.

Nəşr əlavə edir ki, onlar Amerika mediasında daha əvvəl yayımlanmış məlumatı – Trampın təklifinin Krımı Rusiya ərazisi kimi tanımağı əhatə etdiyini – müstəqil şəkildə təsdiqləyə bilməyiblər.

Məqalədə qeyd olunur ki, ötən həftə Parisdə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Kiyev ən çox narahat olduğu məqamı – razılaşmanın Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Rusiya suverenliyi altında tanınmasını nəzərdə tutan hissəsini vurğulayıb.

Mənbənin sözlərinə görə, görünür, Ukrayna ərazisinin 20%-dən imtina etməyə hazırdır – əgər bu yalnız de-fakto tanınma kimi qiymətləndirilərsə və de-yure deyil.

“De-fakto o deməkdir ki, biz etiraf edirik – Rusiya bu əraziləri işğal edib. Lakin bu, Ukraynanın bu torpaqlardan həmişəlik imtina etdiyi anlamına gəlmir. De-yure isə o deməkdir ki, biz tanıyırıq ki, Rusiya bu torpaqları götürüb və artıq heç vaxt geri qaytarılmayacaq,” – deyə mənbə əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti bu həftə sülh planının detallarını ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

23 aprel tarixində Londonda ABŞ, Ukrayna və onun Avropalı müttəfiqləri arasında görüş keçiriləcək. Görüş zamanı atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə olunacaq.

Artıq məlumdur ki, Ukrayna nümayəndə heyətində ölkənin xarici işlər naziri Andrey Sibiga, müdafiə naziri Rustem Umerov və Prezident Ofisinin rəhbəri Andrey Yermak yer alacaq.

Oxşar