Nepalda daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 95-ə yüksəlib
Nepalda daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 95-ə yüksəlib. Bu barədə “Reuters” yazır.
Nepal və Çin sərhədi yaxınlığında baş verən miqyaslı daşqın Nepalda evlərə, yollara, körpülərə və elektrik enerjisi infrastrukturuna zərər vurub.
Nepal Turizm Nazirliyinin məlumatına əsasən, 341 xarici səyahətçi itkin düşmüş hesab olunur, onların arasında 100-dən çox Hindistan, 3 ABŞ və 12 Böyük Britaniya vətəndaşı var. İtkin düşənlər arasında yerli sakinlərdən də var.
Yerli medianın məlumatına əsasən, təxminən 65 nəfər xəstəxanalara yerləşdirilib.
Yayılan məlumata əsasən, hadisədən təxminən yeddi dəqiqə əvvəl regionda 4.4 bal gücündə zəlzələ qeydə alınıb.
Çin tərəfində torpaq sürüşməsi Qironq sərhəd limanına zərər vurub. Çin Dövlət İnformasiya Agentliyinin məlumatına əsasən, yollar, rabitə və elektrik xətləri zərər görüb. Xilasetmə əməliyyatlarına 600-dən çox xilasedici və xüsusi texnika cəlb olunub.
Çin Prezidenti Si Dzinpin itkin düşən insanların tapılması üçün “bütün səylərin” göstərilməsinə, həmçinin fəlakətin təkrarlanmasının qarşısını almaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsinə çağırıb.