“NBC News” – Pentaqon Çin və ya Rusiya ilə regional müharibə ehtimalı üçün ABŞ-ın yeni nüvə strategiyasını hazırlayır
Pentaqon Çin və ya Rusiya ilə regional müharibə baş verəcəyi təqdirdə ABŞ-ın yeni nüvə strategiyasını hazırlayır. Bu barədə “NBC News” məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi əsas diqqəti Çin və Rusiyanın qarşısının alınmasına yönəldəcək yeni hərbi strategiya üzərində işləyir.
Məlumata əsasən, məsələ ilə bağlı məlumatlı beş mənbəyə istinad edən nəşr bildirir ki, yeni strategiyada ABŞ-ın Çin və ya Rusiya ilə regional münaqişəyə cəlb olunacağı halda qısa mənzilli taktiki nüvə silahlarından mümkün istifadə məsələsi nəzərdən keçirilir.
Qeyd edək ki, hazırda qüvvədə olan strategiyada Çinə artan nüvə arsenalından Hind-Sakit okean regionunda öz təsirini gücləndirmək məqsədilə istifadə etməyə imkan verilməməli olduğu vurğulanır. Sənəddə həmçinin qeyd olunur ki, Rusiya Şimali Atlantika Alyansı üçün daha ciddi təhdidə çevrilərsə, ABŞ müvafiq cavab tədbirləri görməyə hazırdır.