"NBC News" - İfadə vermək üçün ABŞ Konqresinin komitəsinə gəlmədiyinə görə Bill Klintona qarşı hüquqi təqibin başlanması planlaşdırılır
Sabiq ABŞ Prezidenti Bill Klinton dünyasını dəyişmiş Ceffri Epşteynin işi üzrə ifadə vermək üçün Konqresin komitəsinə gəlməyib, bu səbəbdən ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi ona qarşı hüquqi təqibin başlanması qərarını verib.
Bu haqda “NBC News” məlumat yayır.
Medianın məlumatına əsasən, Komitə Konqresə hörmətsizlik maddəsi ilə Bill Klintona ittiham irəli sürülməsi məsələsini gələn həftə səsverməyə çıxaracaq.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer bildirir ki, “heç kim Bill Klintonu hansısa cinayətdə ittiham etmir və sadəcə ona sualları olub”.
Komitə sabiq prezidentin ifadə vermə prosedurunu çərşənbə axşamına, keçmiş dövlət katibi Hillari Klintonun isə çərşənbə gününə təyin edib, lakin Bill və Hillari Klintonlar Ceyms Komerə göndərdikləri məktubda komitəyə gəlməyi planlaşdırmadıqlarını bildiriblər.