“NBC News”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin sona çatdırılmasına yönəlmiş 28 maddəlik “sülh planını” təsdiqləyib.
Nəşrin xəbərinə görə, planı Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri son bir neçə həftə ərzində Rusiyanın nümayəndəsi Kirill Dmitriyev və ukraynalı rəsmilərlə aparılan məsləhətləşmələr əsasında hazırlayıblar.
“NBC News”a danışan amerikalı yüksək vəzifəli şəxsin sözlərinə görə, planın hazırlanmasında Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin müşaviri Cared Kuşner iştirak edirdilər.
“Plan hər iki tərəf üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə, uzunmüddətli sülhün təmin edilməsinə fokuslanır, Ukraynanın istədiyi və uzunmüddətli sülh üçün ehtiyac duyduğu məsələləri əhatə edir,” – deyə nəşr mənbəni sitat gətirir.
Amerikalı rəsminin sözlərinə görə, planın detalları mediaya açıqlanmır, çünki onun fikrincə, hələ də prosesdə iştirak edən əsas tərəflərlə müəyyən danışıqlar tələb olunur.
“NBC News” yazır ki, üç amerikalı yüksək vəzifəli şəxsin məlumatına əsasən, belə adlandırılan sülh sazişinin çərçivəsi əvvəlcə ukraynalılara təqdim edilməlidir. Nəşrin məlumatına görə, plan layihəsinin yekun razılaşdırılması üçün nəzərdə olunan vaxt isə Pentaqon nümayəndə heyətinin Ukraynaya səfəri ilə üst-üstə düşür.