NATO üzvü olan ölkələrin liderləri Ankara Sammitinin Bəyannaməsini qəbul ediblər
NATO üzvü olan ölkələrin liderləri Ankara sammitinin yekun bəyannaməsində alyansın kollektiv müdafiə prinsipinə sadiqliyini təsdiqləyib, müdafiə imkanlarının gücləndirilməsini, Ukraynaya dəstəyi və müdafiə sənayesinin inkişafını davam etdirəcəklərini bəyan ediblər.
Bəyannamədə Şimali Atlantika Alyansının 5-ci maddənin yerinə yetirilməsi məsələsində birliyini qoruduğu vurğulanır.
“Birimizə edilən hücum hamımıza edilmiş hücum deməkdir. Bizim birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz alyansımızın bir milyard vətəndaşı üçün sülhün, təhlükəsizliyin və rifahın əsasıdır” — sənəddə qeyd olunur.
Liderlər Rusiya tərəfindən Avro-atlantik təhlükəsizliyə yönələn uzunmüddətli təhlükə və terrorizmə cavab olaraq müttəfiqlərin müdafiə xərclərini artırdıqlarını bildirirlər. Onların verdiyi məlumata əsasən, 2025-ci ildə avropalı müttəfiqlər və Kanada əsas müdafiə ehtiyaclarına investisiyaları 139 milyard dollardan çox artırıb.
Bununla yanaşı, Ankara sammitində NATO üzvləri 50 milyard dollardan çox dəyəri olan yeni müdafiə satınalmalarını elan edib və müdafiə istehsalı imkanlarının genişləndirilməsi öhdəliyini götürüblər.
“Müttəfiqlər arasında müdafiə ticarətindəki maneələrin aradan qaldırılması və sənaye ilə əməkdaşlıq şəraitində innovasiyaların sürətləndirilməsi üçün işimizi davam etdirəcəyik” — bəyannamədə deyilir.
Sammit iştirakçılarının qiymətləndirməsinə əsasən, alyans süni intellekt, pilotsuz sistemlər, hava və raket müdafiəsi, kosmik və kiberimkanlar da daxil olmaqla, müasir hərbi potensialın inkişafını davam etdirir.
Bəyannamədə həmçinin Ukraynadan bəhs edilir.
“Ukrayna transatlantik təhlükəsizliyə mühüm töhfə verir və müttəfiqlər Ukraynanın azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına sarsılmaz dəstəyimizdə birik. Avropalı müttəfiqlər və Kanada hazırda ikitərəfli və çoxtərəfli mexanizmlər vasitəsilə Ukraynaya təhlükəsizlik sahəsində göstərilən yardımın böyük hissəsini maliyyələşdirirlər. Müttəfiqlər vurğulayırlar ki, bu dəstək uzunmüddətli perspektivdə ədalətli, proqnozlaşdırıla bilən və davamlı olmalıdır. 2026-cı ilə qədər müttəfiqlər Ukrayna üçün 70 milyard avro məbləğində hərbi texnika, yardım və təlimlərin ayrılması öhdəliyini götürür və 2027-ci ildə də ən azı eyni həcmdə dəstəyin saxlanılması barədə suveren qərarlarını təsdiqləyirlər. Bu məqsədlə, Avropa İttifaqının “Ukraine Support Loan” vasitəsilə Ukrayna üçün çoxillik maliyyələşməni təmin etmək qərarını alqışlayırıq” — NATO-nun bəyannaməsində deyilir.
NATO-nun liderləri həmçinin bəyan edirlər ki, alyans strateji rəqabətə, hibrid təhdidlərə və təhlükəsizlik mühitindəki çağırışlara cavab olaraq uyğunlaşma prosesini davam etdirir.
Bundan başqa, bəyannamədə “İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğu” qeyd olunur və Tehrana Hörmüz boğazında gəmilərin hərəkət azadlığına tam riayət etməsi üçün çağırış edilir.