NATO – Rusiya şübhə etməməlidir ki, alyans və onun müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq özlərini müdafiə etmək üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcəklər
NATO – Rusiya şübhə etməməlidir ki, alyans və onun müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq özlərini müdafiə etmək üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcəklər

Rusiyanın şübhəsi olmamalıdır ki, NATO və onun müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq özlərini müdafiə etmək üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcəklər – bu barədə NATO-nun yaydığı bəyanatda qeyd olunur.

Şimal Atlantika Şurası bu gün səhər Estoniyanın müraciəti əsasında, Vaşinqton müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq toplaşıb. Bu, Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlıdır.

NATO-nun bəyanatına görə, alyans hər hansı istiqamətdən gələn təhdidlərin qarşısını almaq üçün bütün tədbirləri görəcək. Bəyanatda vurğulanır ki, bu müdaxilə Rusiyanın getdikcə daha da məsuliyyətsiz davranış nümunəsinin bir hissəsidir.

Qeyd olunur ki, iki həftə ərzində bu, 4-cü maddə əsasında Şuranın ikinci dəfə toplanmasıdır. Sentyabrın 10-da Şura Polşanın hava məkanının rus dronları tərəfindən genişmiqyaslı pozulmasına cavab olaraq məsləhətləşmələr aparmışdı. NATO bildirir ki, son vaxtlarda Rusiyanın hava məkanını pozma halları digər bir sıra müttəfiq ölkələrin ərazilərində də baş verib – o cümlədən Finlandiyada, Latviyada, Litvada, Norveçdə və Rumıniyada.

“Rusiya tam şəkildə bu hərəkətlərə görə məsuliyyət daşıyır. Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini yaradır və insan həyatını təhlükəyə atır. Onlar dərhal dayandırılmalıdır. NATO-nun Rusiyanın düşünülməmiş addımlarına cavabı yenə də qəti olacaq. Şərq cinahı boyunca NATO mövqeyini gücləndirmək üçün sentyabrın 12-də biz “Şərq müdafiəçisi” əməliyyatına başladıq. Qabiliyyətlərimizi, o cümlədən effektiv hava hücumundan müdafiə vasitələri ilə, daha da artıracağıq,” – bəyanatda bildirilir.

NATO-nun bəyanatına görə, alyans Rusiyanın qəddar və təxribatçı olmayan təcavüzkar müharibəsinə qarşı Ukraynanın özünü müdafiə hüququnu həyata keçirməsini dəstəkləyəcək.