NATO-nun üzvləri Haaqa sammitində müdafiə xərclərini ÜDM-nin 5%-nə qədər artırmaq barədə razılığa gəliblər
NATO-nun üzvləri Haaqa sammitində müdafiə xərclərini ÜDM-nin 5%-nə qədər artırmaq barədə razılığa gəliblər. Alyansın 32 üzvünün razılığına əsasən, müdafiə xərclərinin artırılması 2035-ci ilə qədər baş verməlidir.
Bu barədə NATO-nun Haaqa sammitində qəbul edilmiş NATO sammitinin bəyannaməsində deyilir.
Bununla yanaşı, birgə bəyannamədə NATO dövlətləri beşinci maddəyə sadiq olduqlarını təsdiq edirlər.
“Bir üzvə hücumun hamıya hücum olması ilə bağlı Vaşinqton Müqaviləsinin 5-ci maddəsində yazıldığı kimi, kollektiv müdafiəyə sarsılmaz sadiqliyimizi təsdiqləyirik. Biz bir milyard vətəndaşımızı, ittifaqımızı, azadlığımızı və demokratiyamızı qorumaq üçün hazırlığımızda vahid və sarsılmazıq” – NATO-nun rəsmi internet səhifəsində dərc olunan və beş bənddən ibarət olan birgə bəyannamədə deyilir.
Bununla yanaşı, NATO-nun sonrakı sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək, alyans liderlərinin növbəti görüşünə isə Albaniya ev sahibliyi edəcək.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NATO-nun sonrakı sammitinə ev sahibliyi etmək istədiyini demişdi.