NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin nümayəndələri Gürcüstanda üç günlük səfərdə olublar
NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin (JFTC) komandir müavini, briqada generalı Petr Svoboda və JFTC-nin Təlimlər və Məşq Şöbəsinin nümayəndəsi, polkovnik Ladislav Svezda Gürcüstanda işgüzar səfərdə olublar.
Gürcüstan Müdafiə Nazirliyi NATO-lu qonaqlara Krcanisidə, NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Birgə Mərkəzində (JTEC) ev sahibliyi edildiyi haqda məlumat verir.
Onların verdiyi məlumata əsasən, mərkəzin komandiri, polkovnik Davit Qaqua məlumat brifinqində onları JTEC-in tarixi, məqsədləri, həyata keçirdiyi layihələr və planları ilə tanış edib.
“Görüşdə NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Birgə Mərkəzi (JTEC) və NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzi (JFTC) arasında uzun illər ərzində əldə edilən səmərəli əməkdaşlıq, JTEC-in inkişaf prosesində JFTC tərəfindən göstərilən dəstək qeyd olundu. Söhbətin əsas mövzularından biri bu il Gürcüstanda keçiriləcək „NATO-Gürcüstan 2025“ təlimi oldu. NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin (JFTC) komandir müavini yekun mərhələdə olan təlimin planlaşdırılması və hazırlıq işləri barədə ətraflı məlumat aldı.
Gürcüstana üçgünlük səfər çərçivəsində NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin (JFTC) nümayəndələri Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor Zaza Çxaidze və Müdafiə Qüvvələrinin müxtəlif struktur bölmələrinin nümayəndələri ilə görüşlər keçiriblər. Qonaqlar JTEC-in tərkibindəki Döyüş Hazırlığı Mərkəzində (CTC) də olublar.
NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Birgə Mərkəzi (JTEC) 2017-ci ildə mentorluq proqramı əsasında Polşada yerləşən NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzi (JFTC) ilə sıx əməkdaşlığa başlayıb. 2020-ci ildə onlar arasında tərəfdaşlıq sazişi imzalanıb” – Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.