NATO-da bildirirlər ki, ABŞ hakimiyyəti Avropada qoşunların yerləşdirilməsindəki dəyişikliklər barədə alyansa əvvəlcədən məlumat verib və bunda qeyri-adi heç nə yoxdur
NATO-da ABŞ tərəfindən Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyadan qoşunların qismən çıxarılması qərarına münasibət bildirirlər.
NATO-nun nümayəndəsinin “Reuters”lə söhbəti əsnasında dediyi kimi, alyans ABŞ ilə sıx ünsiyyətdədir.
Nümayəndə bildirib ki, ABŞ qoşunlarının yerləşdirilməsindəki dəyişikliklər qeyri-adi deyil və bu dəyişikliklərə baxmayaraq, Avropadakı ABŞ qoşunlarının sayı heç vaxt olmadığı qədər yüksək olaraq qalır.
“NATO və ABŞ hökuməti, xüsusən də Alyansın güclü çəkindirici və müdafiə mövqeyini qoruyub saxlaması ilə bağlı ortaq mövqeyimizə dair sıx ünsiyyətdədirlər. ABŞ hakimiyyəti bu dəyişikliklər barədə alyansa əvvəlcədən məlumat verib” – NATO-nun nümayəndəsi bildirib.
Məlumat üçün qeyd edək ki, ABŞ tərəfindən qoşunların Rumıniyadan qismən çıxarılması planı haqda məlumatı Rumıniyanın Müdafiə Nazirliyində də təsdiqləyiblər. Bundan əvvəl isə mediada ABŞ-nin qoşunlarının əhəmiyyətli bir hissəsini təkcə Rumıniyadan deyil, həm də Bolqarıstan, Macarıstan və Slovakiyadan çıxaracağı barədə məlumat yayılmışdı.