Natia Turnava Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı ilə görüşüb
Gürcüstan Milli Bankının prezidenti Natia Turnava Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı ilə tanışlıq xarakterli görüş keçirib.
Gürcüstan Milli Bankının məlumatında, tərəflərin Gürcüstan və Türkiyə arasında mövcud iqtisadi əməkdaşlığın cari məsələlərini, maliyyə sektorunda tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdikləri deyilir.
“Natia Turnava Türkiyənin səfirinə Gürcüstan iqtisadiyyatındakı mövcud vəziyyəti, makroiqtisadi mühiti və Gürcüstan Milli Bankının pul siyasətini təqdim edib. O, ölkənin iqtisadi sabitliyinin və maliyyə sektorunun davamlılığının əhəmiyyətinə diqqət yönəldib.
Görüşdə Gürcüstanın bank sektorunda Türkiyə banklarının uğurla fəaliyyət göstərdiyi və bunun iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin daha da dərinləşməsinə töhfə verdiyi qeyd olunub. Tərəflər Gürcüstan Milli Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında təcrübə mübadiləsinə və institusional əlaqələrin gücləndirilməsinə xidmət edən fəal əməkdaşlıqdan danışıblar. Həmçinin, əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçiriləcək potensial layihələri müzakirə ediblər.
Görüşün sonunda tərəflər Gürcüstan və Türkiyə arasında maliyyə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər” – Milli Bankın məlumatında deyilir.