Natia Turnava - Milli Bankın ardıcıl siyasəti nəticəsində 2024-cü ildə inflyasiya hədəf göstəricidən aşağı səviyyədə saxlanılıb
Gürcüstan Milli Bankının prezidenti Natia Turnava parlamentdə Milli Bankın 2024-cü il üzrə hesabatını təqdim edib. Hesabat pul-kredit, valyuta və nəzarət siyasətinin icmalını və audit olunmuş maliyyə hesabatını əhatə edir.
Milli Bankın prezidentinin qiymətləndirməsinə əsasən, keçən il inflyasiya sabit aşağı səviyyədə saxlanılıb, ölkədə aşağı inflyasiya mühitinin saxlanması böyük ölçüdə daxili iqtisadi amillərlə bağlı olub.
“2024-cü ildə inflyasiya yenidən sabit aşağı səviyyədə saxlanıldı və orta hesabla 1.1 faiz təşkil etdi. İstehlak səbətindən ərzaq, enerji daşıyıcıları və siqaretin yüksək dəyişkənliyi ilə seçilən qiymətlərini istisna edən baza inflyasiyası orta hesabla 1.6 faiz olub. Aşağı inflyasiya mühiti əsasən daxili iqtisadi amillərlə bağlı olub. Xüsusilə, Milli Bankın ardıcıl siyasəti nəticəsində uzunmüddətli inflyasiya gözləntiləri hədəf göstəriciyə yaxın səviyyədə saxlanılırdı” – Natia Turnava bildirib.
Onun qiymətləndirməsinə əsasən, aşağı inflyasiya mühitinin qorunub saxlanmasına bir neçə amil kömək edib, onların arasında pul siyasəti aparıcı yerlərdən birini tutur.
“Qeyd olunmalıdır ki, güclü tələblə birlikdə, iqtisadiyyatın ümumi istehsal potensialının yaxşılaşması da yüksək iqtisadi artıma səbəb olurdu və nəticədə 2024-cü ildə real ÜDM-in artımı 9.4 faiz təşkil etdi. Əlavə olaraq, 2024-cü ildə larinin effektiv məzənnəsi nisbətən sabit mövqedə saxlanıldı, bu isə aşağı inflyasiyaya kömək etdi. Burada demək istərdim ki, digər istiqamətlərdə iqtisadi siyasətimiz, o cümlədən fiskal siyasət, aşağı inflyasiya mühitinin saxlanmasına ciddi kömək etdi” – Milli Bankın prezidenti qeyd edib.
Natia Turnava bildirib ki, iqtisadi siyasət istiqamətində IT sənayesi, innovasiyalar, logistika və nəqliyyat, tikinti sektorları kimi innovativ, yüksək əmək məhsuldarlığı ilə seçilən sahələrin inkişafının dəstəklənməsi vacib olub.
“Son bir neçə ildir iqtisadi artımın xüsusilə yüksək olmasına baxmayaraq, bu qiymətlərə əlavə təzyiq yaratmayıb və biz bu baxımdan seçilən ölkələrdən biriyik. İqtisadi artımın yüksək olduğu, lakin inflyasiya mühitinin sabit olduğu və inflyasiyanın aşağı olduğu ölkələrin nümunəsi çox deyil. Bu, iqtisadi siyasətin müxtəlif istiqamətlərinin birləşməsinin nəticəsi idi, lakin pul siyasətinin effektivliyini 2024-cü ildə qeydə alınan və bu günədək hədəf göstəricidən aşağıda və ya ona yaxın saxladığımız aşağı inflyasiya xüsusilə təsdiq etmişdir” – Natia Turnava bildirib.