Natia Turnava Beynəlxalq Valyuta Fondunun icraçı direktoru İerun Klik və alternativ direktor Marniks van Rei ilə görüşüb
Natia Turnava Beynəlxalq Valyuta Fondunun icraçı direktoru İerun Klik və alternativ direktor Marniks van Rei ilə görüşüb

 

ABŞ-da Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının yaz görüşləri çərçivəsində Gürcüstan Milli Bankının prezidenti Natia Turnava və maliyyə naziri Laşa Xutsişvili Beynəlxalq Valyuta Fondunun icraçı direktoru İerun Klik və alternativ direktor Marniks van Rei ilə görüşüblər.

Bu barədə məlumatı Gürcüstan Milli Bankı yayır.

Onların məlumatına əsasən, görüşdə Gürcüstan Milli Bankının vitse-prezidentləri – Ekaterine Mikabadze və Ekaterine Qaldava, eləcə də maliyyə və iqtisadiyyat nazirinin müavinləri iştirak edirdilər.

“Görüşdə tərəflər Gürcüstanda mövcud iqtisadi vəziyyəti müzakirə ediblər və iqtisadi artım göstəricilərini vurğulayıblar. Gürcüstan Milli Bankının ardıcıl monetar siyasəti və qiymət sabitliyi, Gürcüstanın maliyyə sisteminin dayanıqlılığı qeyd edilib. Həmçinin, qlobal çağırışlar və risklərə də toxunulub. Bundan başqa, tərəflər gələcək əməkdaşlıq və missiyanın Gürcüstana yaxınlaşan səfəri barədə danışıblar” – Gürcüstan Milli Bankının məlumatında deyilir.

Milli Bankın məlumatına əsasən, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru missiya çərçivəsində Gürcüstana səfərini səbirsizliklə gözlədiyini bildirib.