Narkotik cinayətləri ittihamı ilə Daxili İşlər Nazirliyi 135 nəfəri saxlayıb. Onlardan 55 nəfərin müxtəlif formalarda narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilir. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var

12:12, 13.08.2026

Hüquq-mühafizə orqanları tərəfindən son bir neçə gün ərzində Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri ittihamı ilə 135 nəfər saxlanılıb. Onlardan 55 nəfərin müxtəlif formalarda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
Brifinqdə qeyd olunub ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

“İstintaq nəticəsində müəyyən edilir ki, saxlanılan şəxslər narkotik vasitələrin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər. Hüquq-mühafizə orqanları hakim qərarı əsasında bir neçə dəfə narkotik vasitələrin nəzarətli alışını həyata keçirib və həmin alışların gizli audio-video qeydə alınmasını təmin edib.

Polis narkotik cinayəti ittihamı ilə saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində, həmçinin onların göstərdikləri yerlərdə apardıqları axtarışlar zamanı sübut kimi xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr aşkar edərək götürüb. Həmçinin narkotik vasitələrin qanunsuz satışından əldə edilmiş pul vəsaitləri və qanunsuz əldə edilmiş odlu silahlar da sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260¹, 260², 261, 263, 265¹ və 236-cı maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi narkotik vasitələrin satışı ilə məşğul olan və narkotiklərin qanunsuz dövriyyəsinə cəlb olunmuş şəxslərin aşkarlanması istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir. Narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsinin və yayılmasının qarşısının alınması məqsədilə polis digər aidiyyəti hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində quru, dəniz və hava sərhədlərinin maksimum qorunmasını və nəzarətdə saxlanılmasını təmin edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkotiklərin satışına və ya bu fəaliyyətə yardım göstərilməsinə cəlb olunan hər bir şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq”, – Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Oxşar