Myanmada dağıdıcı zəlzələ səbəbindən hərbi rəhbərlik bir həftəlik matəm elan edib
Myanmada dağıdıcı zəlzələ səbəbindən hərbi rəhbərlik bir həftəlik matəm elan edib.
Bu gün yerli vaxtla saat 12:51-də, məhz martın 28-də 7,7 bal gücündə zəlzələnin qeydə alındığı vaxt ölkədə bir dəqiqəlik sükut elan edilib.
Myanmada axtarış-xilasetmə işləri bu vaxtadək davam edir. Son məlumatlara əsasən, 2056 nəfər həlak olub, 3900-dən çox insan yaralanıb, 270-dən çox vətəndaş isə itkin düşüb.
Zəlzələnin episentrinə yaxın olan Mandalay şəhərində minlərlə insan evsiz qalıb və ya təkanların təkrarlanmasından qorxaraq evlərinə qayıda bilmir. Pasiyentlər şəhərin əsas xəstəxanasından təxliyə edilib. BMT-də bəyan edirlər ki, zədələnmiş yollar və kritik infrastruktura görə axtarış-xilasetmə əməliyyatı ləngiyir.
Bununla yanaşı, Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində 19 nəfər həlak olub. Fəlakət nəticəsində çökən tikilməkdə olan göydələnin ərazisində axtarış-xilasetmə əməliyyatı davam edir. Yerli hakimiyyət dağıntılar altında 70-dən çox insanın qaldığını ehtimal edir.