Müstəqil medianın gücləndirilməsi məqsədilə Avropa İttifaqı Ermənistana 1,5 milyard avro ayıracaq
Müstəqil medianın gücləndirilməsi məqsədilə Avropa İttifaqı Ermənistana 1,5 milyard avro ayıracaq

 

Avropa Şurasının prezidenti Antoniu Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Ermənistanın Baş naziri ilə görüşdən sonra Ermənistan–Avropa İttifaqı əməkdaşlığının irəlilədilməsi barədə bəyanat veriblər. Bu barədə Brüsseldə Nikol Paşinyanın işgüzar səfəri çərçivəsində keçirilmiş görüşdən sonra yayılan press-relizdə qeyd olunub.

Press-relizdə deyilir ki, Avropa Şurasının prezidenti və Avropa Komissiyasının prezidenti Ermənistanda demokratik islahatların ambisiyalı gündəmini təqdir edirlər və ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyirlər.

Press-relizə əsasən, görüşdə tərəflər həmçinin, Avropa İttifaqı ilə Ermənistan arasında yeni tərəfdaşlıq gündəliyi üzrə əldə olunmuş siyasi razılaşmanı təqdir ediblər. O cümlədən, Ermənistan və Avropa İttifaqı arasında vizasız rejimə keçid prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə ediblər.

Press-relizdə deyildiyi kimi, Avropa İttifaqı Ermənistanın dayanıqlı və uzunmüddətli inkişafına sadiqliyini təsdiqləyib, bu da əsaslı maliyyə və texniki yardım vasitəsilə baş verir.

“Ümid edirik ki, “Global Gateway” strategiyası çərçivəsində Avropa İttifaqının Ermənistanda investisiyaları 2.5 milyard avroya çatacaq, bu da inklüziv artıma və əlaqələrin inkişafına kömək edəcək” – press-relizdə deyilir.

Press-relizdə həmçinin qeyd olunub ki, Avropa İttifaqı Ermənistanın regional qarşılıqlı fəaliyyət və barışığı təşviq etməyə yönəlmiş “Sülhün kəsişməsi” adlı təşəbbüsünü dəstəkləyir.

Press-relizdə deyilir ki, Ursula fon der Laien və Antoniu Koşta həmçinin Ermənistanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə xidmət edən səylərini qeyd ediblər. Xüsusilə Ermənistan-Azərbaycan sülh danışıqlarının davam etdirilməsinin əhəmiyyəti və Türkiyə ilə münasibətlərin normallaşdırılması vurğulanıb.

“Liderlər, həmçinin, Ermənistanın Avropa İttifaqının regional və iqtisadi təşəbbüslərinə, xüsusilə Qara Dəniz Strategiyası çərçivəsində, cəlb olunmasının əhəmiyyətini vurğuladılar” – press-relizdə deyilir.

Press-relizə əsasən, Avropa İttifaqının liderləri Ermənistana sıx əməkdaşlığa və Yerevanın sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün atdığı addımlara görə təşəkkür ediblər.

Həmçinin, təhlükəsizlik sahəsində Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlığa toxunulub. Press-relizə əsasən, liderlər Brüssel və Yerevan arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətləşmələrin başlanmasını təqdir ediblər. Bununla yanaşı, Ermənistanın informasiya ekosisteminin dəstəklənməsi çərçivəsində liderlər Yerevana yeni paketin ayrıldığını elan etdilər, bu paket 1.5 milyard avro həcmindədir və bu vəsait Ermənistanda müstəqil medianın gücləndirilməsinə xərclənəcək.