Münhendə "Oktoberfest" festivalını təhlükəsizlik məqsədilə dayandırıblar
Münhendə "Oktoberfest" festivalını təhlükəsizlik məqsədilə dayandırıblar

 

Münhendə “Oktoberfest” festivalını təhlükəsizliyin qorunması məqsədilə dayandırıblar.

Alman mediasının yazdığı kimi, Münhendə səhər başlayan genişmiqyaslı polis əməliyyatı davam edir.

Məlumat üçün bildirək ki, səhər Münhendə yanğın baş verən evlərin birində hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı maddə aşkar ediblər. Onun zərərsizləşdirilməsi məqsədilə xüsusi bölmələr əraziyə səfərbər edilmişdi. Bir nəfərin öldüyü və atışma olduğu barədə məlumatlar yayılır.

Polis bu hadisələrin Münhendə davam edən “Oktoberfest” festivalı ilə əlaqəsinin olub-olmadığını yoxlayır, bu səbəbdən məşhur pivə festivalı meydanının açılışı gecikir.

Münhenin Meriyasında partlayış təhlükəsinə görə “Oktoberfest”in yerli vaxtla ən azı 17:00-a qədər dayandırılacağını bildirirlər.

Alman mediasının məlumatına əsasən, bu gün səhər Münhendə güclü partlayış səsi eşidilib. Hadisə yerinə gedən xilasedicilər yaralı kişini və yanan avtomobili aşkar ediblər.

Bundan sonra fövqəladə xidmətlərə Münhenin şimal hissəsindən vətəndaşların partlayış və atəş səsləri eşitdikləri, həmçinin alov gördükləri barədə məlumat daxil olub.

Polisin məlumatına əsasən, yaralı kişi daha sonra dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu şəxsin yaşayış evində baş verən yanğınla əlaqəsi ola biləcəyini xəbər verirlər. İlkin məlumata əsasən, yanğın qəsdən törədilib.

Polis hadisənin baş verdiyi Münhenin rayonunu mühasirəyə alıb, hadisə yerinə xüsusi təyinatlılar səfərbər edilib, təxliyyə elan edilib, dövlət məktəbi də bağlanıb.

Alman mediasının məlumatına əsasən, kişi partlayıcı maddəni valideynlərinin evinə aparıb və sonra intihara cəhd edib. Bu məlumatı rəsmi olaraq təsdiqləmirlər.