Mülki Aviasiya Agentliyi: T’way Air Gürcüstan ilə Koreya Respublikası arasında mövsümi çarter reysləri həyata keçirəcək
Mülki Aviasiya Agentliyi: T’way Air Gürcüstan ilə Koreya Respublikası arasında mövsümi çarter reysləri həyata keçirəcək

Koreya Respublikasının aparıcı aşağıbüdcəli aviaşirkəti T’way Air Seul ilə Tbilisi arasında birbaşa qeyri-müntəzəm (çarter) reyslər həyata keçirməyi planlaşdırır. Bu barədə məlumatı Mülki Aviasiya Agentliyi yayıb.

“Gürcüstanın Mülki Aviasiya Agentliyinə təqdim olunmuş müraciətə əsasən, aviareyslər 2026-cı ilin yay naviqasiya mövsümü ərzində – 24 aprel tarixindən 16 oktyabr tarixinədək Airbus A330Boeing B777 tipli hava gəmiləri ilə icra olunacaq. İki ölkənin paytaxtları arasında ümumilikdə səkkiz reysin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Gürcüstan ilə Koreya Respublikası arasında mövsümi qeyri-müntəzəm reyslər 2024–2025-ci illərdə də Koreyanın Korean Air aviaşirkəti tərəfindən yerinə yetirilib. 2024-cü ildə iki ölkə arasında hava yolu ilə 1 077 sərnişin daşınıb, 2025-ci ildə isə bu göstərici 2 233 nəfər təşkil edib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mülki Aviasiya Agentliyi aviaşirkətə reyslərin icrası üçün zəruri icazəni artıq təqdim edib,” – deyə məlumatda bildirilir.