Müəllimlərin əməkhaqqının ödənilməsi qaydalarına dair müəyyən tələblərin qüvvəyə minməsi 2027–2028-ci tədris ilinə qədər təxirə salınıb

10:44, 20.08.2026

Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi müəllimlərin əməkhaqqının ödənilməsi qaydalarına dair müəyyən tələblərin qüvvəyə minməsinin 2027–2028-ci tədris ilinə qədər təxirə salınması barədə qərar qəbul edib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, 2026–2027-ci tədris ilindən etibarən artırılmış saatlıq əməkhaqqı almaq üçün müəllim tədris etdiyi fənn və ya təhsil pilləsi üzrə təsdiqlənmiş səriştəyə malik olmalı idi. Bu tələbin məqsədi müəllimin ixtisası ilə tədris yükünün uyğunluğunu təmin etmək olub.
“Yeni qərara əsasən, müəllimlərə dəstək olmaq və məktəblərdə tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə hazırda fəaliyyət göstərən müəllimlərə öz səriştələrini təsdiqləmək üçün əlavə və münasib vaxt veriləcək. Onlar fənn üzrə imtahanı 2027–2028-ci tədris ili başlamazdan əvvəl verməli olacaqlar.
Keçid dövründə nazirlik müəllimlərə əlavə dəstək göstərməkdə davam edəcək. Pedaqoqlara səriştələrini təsdiqləmək üçün iki dəfə imkan veriləcək – müəllimlər üçün fənn imtahanı həm yayda, həm də qışda keçiriləcək. Eyni zamanda, müəllimlər Milli Müəllimlərin Peşəkar İnkişaf Mərkəzinin intensiv fənn hazırlığı kurslarından ödənişsiz yararlana biləcəklər.
Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi tədris prosesinin keyfiyyətinin ardıcıl şəkildə artırılmasını, hər bir müəllimin peşəkar sabitliyinin, layiqli əmək şəraitinin və ixtisasının artırılmasının dəstəklənməsini prioritet hesab edir.
Qəbul edilən qərar məhz bu məqsədlərə xidmət edir: müəllimlərə öz səriştələrini təsdiqləmək üçün əlavə vaxt və dəstək verilir, məktəblərə isə yeni tələblərə hazırlıqlı şəkildə keçmək imkanı yaradılır ki, keçid dövründə tədris prosesinin fasiləsizliyinə risk yaranmasın.
Nazirlik müəllimləri keçid dövründən maksimum istifadə etməyə, təklif olunan fənn hazırlığı imkanlarından yararlanmağa və növbəti tədris ilinə qədər peşəkar inkişaf yolu ilə təxirə salınmış tələblərin qüvvəyə minməsinə hazırlaşmağa çağırır.
Pedaqoqlara dəstək mexanizmlərinin təkmilləşdirilməsi ilə yanaşı, Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi müəllim kadrları çatışmazlığının qarşısının alınması və idarə olunması üzrə vahid, uzunmüddətli və sistemli strategiya üzərində fəal şəkildə çalışır. Bu strategiya mövcud kadr ehtiyaclarının vaxtında müəyyənləşdirilməsini, mümkün çatışmazlıqların isə qabaqlayıcı və müdaxilə xarakterli tədbirlərlə idarə olunmasını təmin edəcək”, – deyə nazirliyin açıqlamasında bildirilir.

Oxşar