Müəllim və müəllim olmaq istəyənlər üçün imtahanlara qeydiyyat və imtahan haqqının ödənilməsinin müddətləri uzadılıb
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi müəllim və müəllim olmaq istəyənlər üçün imtahanlara qeydiyyat və imtahan haqqının ödənilməsinin müddətlərini uzadıb.
Onların məlumatına əsasən, namizədlər imtahan haqqını (ən azı bir imtahanın) mayın 7-si saat 18:00-dək ödəyə, qeydiyyatı mayın 11-i saat 18:00-dək başa çatdıra biləcəklər.
“Müraciət edənlər nəzərə almalıdırlar ki, imtahan haqqının ödənilməsi qeydiyyat prosesi üçün zəruri şərtdir və qeyd olunmuş müddətlərə əməl edilməsi məcburidir. Müddətlərin uzadılması namizədlərin qeydiyyat prosedurundan tam və maneəsiz şəkildə keçmələri üçün onları dəstəkləmək məqsədi daşıyır. Müəyyən edilən tarixlər başa çatdıqdan sonra qeydiyyatı bitirmək və imtahanlarda iştirak etmək imkansız olacaq.
Xüsusi imtahan şəraitinə ehtiyacı olan şəxslər qeydiyyat zamanı müvafiq xananı işarələməli və mayın 11-i saat 18:00-dək sağlamlıq vəziyyətini təsdiq edən sənədi (forma N IV-100a) Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinə və ya müvafiq təhsil resurs mərkəzinə təqdim etməlidirlər” – məlumatda deyilir.