Müdafiə Qüvvələrinin Şərq Komandanlığının bölmələri “İti göz” adlı səhra təlimi keçirib
Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığının bölmələri “İti göz” təlimi çərçivəsində yekun mərhələ üzrə hərbi təlim keçirib. Vaziani poliqonunda keçirilən səhra təlimində Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani, Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Giorgi Matiashvili və Müdafiə Qüvvələrinin digər rəhbər şəxsləri iştirak ediblər. Hərbi təlimə manevr, tank, aviasiya, artilleriya, mühəndis və hava hücumundan müdafiə qrupları cəlb olunub.
Hərbçilər təlim zamanı müxtəlif tapşırıqları yerinə yetiriblər: pusqu qurmaq, kəşfiyyat aparmaq, binaları təmizləmək, kanal üzərində keçid körpüsü qurmaq, bölmələrin dekontaminasiyasını həyata keçirmək, dron hücumlarını dəf etmək və yaralıları təxliyə etmək. Mühəndis bölüyü robotdan istifadə etməklə yerə düşmüş dronu və partlayıcı maddəni zərərsizləşdirib. Kəşfiyyat bölüyü isə FPV dronları vasitəsilə şərti düşmənin hərbi kolonunun qarşısını almaq əməliyyatı həyata keçirib.
Yekun təlim mərhələsində piyada briqadalarına artilleriya batalyonunun minaatan və top heyətləri, LAR 160 reaktiv yaylım atəşi sistemi, mexanikləşdirilmiş və tank bölükləri, Mi-24 tipli hücum helikopterləri, UH-1H “İrokez” helikopteri və snayper qrupları dəstək verib.
Təlimin məqsədi əməliyyat və taktiki səviyyələrdə müdafiə əməliyyatlarının həyata keçirilməsi, müasir idarəetmə və nəzarət sistemlərinin tətbiqi, pilotsuz uçuş aparatlarından istifadə, eləcə də əlaqələndirilmiş fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi olub.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.