Müdafiə Nazirliyi - Təbii fəlakət zonasında olan əsgərlər qərargahla razılaşdırılaraq əhaliyə yardım edir və zərurət halında, ərzaq və dərmanla təmin edirlər
Gürcüstan Müdafiə Qüvvələrinin hərbi qulluqçuları artıq üçüncü gündür Qərbi Gürcüstanda güclü qar yağması nəticəsində yaranmış problemlərin aradan qaldırılması və zərər çəkmiş əhaliyə yardım göstərilməsi prosesində fəal iştirak edirlər. Bu haqda məlumatı Müdafiə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Müdafiə Qüvvələrinin nümayəndələri Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri ilə birlikdə Koordinasiya Qərargahından tapşırıq aldıqları bütün kritik obyektlərdə işləyirlər.
“Hərbçilər dronlar vasitəsilə müxtəlif istiqamətlərdə zədələri aşkar etmək və elektrik enerjisini operativ şəkildə bərpa etmək üçün “ENERGO-PRO Georgia” ilə əməkdaşlıq edirlər. Əsgərlər qərargahla razılaşdırılaraq əhaliyə operativ şəkildə yardım edir və zərurət halında, ərzaq və dərmanla təmin edirlər.
Hökumətin üzvləri ilə birlikdə baş nazirin yaratdığı koordinasiya qərargahının fəaliyyətində iştirak edən vitse-baş nazir, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili Quriya bölgəsindədir” – Müdafiə Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.