Müdafiə Nazirliyi - Hərbi qulluqçular İmereti bölgəsində güclü qar yağması nəticəsində yaranan problemlərin həlli prosesində fəal iştirak edirlər
Gürcüstanın Müdafiə Qüvvələrinin hərbi qulluqçuları İmereti bölgəsində də güclü qar yağması nəticəsində yaranan problemlərin həlli prosesində fəal iştirak edirlər. Bu haqda məlumatı Müdafiə Nazirliyi yayır.
Nazirliyin məlumatında, əsgərlərin ərzaq və ilkin istehlak əşyaları payladıqları deyilir.
“Üçüncü Piyada Briqadasının əsgərləri texniki vasitələrlə hərəkətin çətinləşdiyi Bağdatidə əhaliyə ərzaq və ilkin istehlak əşyaları aparıblar. Hərbçilər xüsusi qayğıya ehtiyacı olan ailələrə damların qardan təmizlənməsi və həyətlərin təmizlənməsi prosesində də fəal köməklik göstərirlər.
Bağdati rayonundan başqa, Samtredia, Vani, Xaraqauli, Zestaponi, Tğibuli rayonları və ətraf kəndlər 3-cü Piyada Briqadasının hərbi qulluqçularının dəstək arealına daxildir. Zərurət halında, əsgərlər yüksək dağlıq kəndlərdən uşaqlı ailələri və qocaları müvəqqəti olaraq asanlıqla əlçatan və təhlükəsiz yerlərə aparırlar.
Problemlərin maksimal olaraq ən qısa müddətdə həlli məqsədilə Müdafiə Qüvvələrinin şəxsi heyəti İmeretinin Regional Koordinasiya Qərargahından alınan tapşırıqlara uyğun olaraq fəaliyyət göstərir” – Müdafiə Nazirliyinin bəyanatında deyilir.