Gürcüstanın vitse-baş naziri, müdafiə naziri İrakli Çikovani müdafiə qurumunun nümayəndələrini 30 illik xidmətlərinə görə idarə medalları ilə mükafatlandırıb.
İdarə medalları – “Gürcüstan Müdafiə Nazirliyi sistemində 30 il xidmətə görə” generallar, zabitlər, çavuşlar və mülki şəxslərə təqdim edilib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, nazir onlara ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və möhkəmləndirilməsində xüsusi töhfələrinə görə təşəkkür edib. İrakli Çikovani çıxışında ölkə qarşısında hərbçilərin uzun illər şərəfli xidmətlərini xüsusilə vurğulayıb.
Tədbirdə dövlət himni səsləndirilib; Müdafiə qurumunun nümayəndələri Gürcüstanın birliyi uğrunda mübarizədə, eləcə də xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların xatirəsini ehtiramla yad ediblər.
Müdafiə Nazirliyinin “Armyhall”ında tədbirdə müdafiə nazirinin müavinləri və Müdafiə Qüvvələrinin müxtəlif struktur vahidlərinin rəhbərləri iştirak ediblər.