MSK - Son vaxtlar Avropa Parlamentinin bəyanatlarında 26 oktyabr seçkilərindən “saxtalaşdırılmış” olaraq bəhs edilən fikirlərlə bağlı narahatlıq ifadə edirik
MSK - Son vaxtlar Avropa Parlamentinin bəyanatlarında 26 oktyabr seçkilərindən “saxtalaşdırılmış” olaraq bəhs edilən fikirlərlə bağlı narahatlıq ifadə edirik

 

Seçki Administrasiyası son vaxtlar Avropa Parlamentinin adından dərc olunan bəyanatlarda 26 oktyabr seçkilərindən “saxtalaşdırılmış” olaraq bəhs edilən fikirlərlə bağlı narahatlığını ifadə edir – bu barədə Mərkəzi Seçki Komissiyasının bəyanatında deyilir.

Bəyanata əsasən, Mərkəzi Seçki Komissiyası bu vaxta qədər 26 oktyabr seçkiləri ilə bağlı bir sıra ictimai bəyanat verib və bu seçkilərlə əlaqədar halları ətraflı şəkildə izah edib, o cümlədən, əsaslandırılmamış ittihamlar əsasında 2024-cü ilin seçkilərinin nüfuzdan salınmasına cəhd edilməsi faktlarını, iştirakçı tərəflərlə, o cümlədən beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib və yayılan dezinformasiyaya cavab olaraq Avropa Şurası Parlament Assambleyasına açıq məktubla müraciət edib.

“Bu fəaliyyətlərə baxmayaraq, yenə də heç bir sübuta əsaslanmayan ədalətsiz ittihamlar eşidilir. Bu yaxınlarda Avropa Parlamenti adından dərc olunmuş bəyanat da buna nümunədir.

Bir qayda olaraq öz mövqelərini ifadə edərkən faktlara və tutarlı arqumentlərə əsaslandırmalı olan bir qurumdan bu cür misli görünməmiş qərəzli bəyanatın verilməsi Seçki Administrasiyası üçün anlaşılmazdır. Faktlar və arqumentlər olmadan, yalnız subyektiv təsəvvürlərə əsaslanan bəyanatlar isə yalnız siyasi motivli təəssüratı bağışlayır, bu da müəyyən mənada, 26 oktyabr seçkilərinin təşkili ilə məşğul olan Seçki Administrasiyasının on minlərlə əməkdaşı üçün həm təhqiredici, həm də ləyaqəti alçaldıcıdır.

İctimaiyyətə və avropalı parlamentarilərə xatırlatmaq istərdik ki, 2024-cü ilin parlament seçkiləri üçün yaradılmış 3111 məntəqə seçki komissiyasının 53210 üzvündən 25261-i doqquz səlahiyyətli partiya tərəfindən təyin edilib. Daha da dəqiqləşdirsək, hər bir komissiyanın 17 üzvündən 8-i müxalifət partiyalarının kvotası ilə təyin olunmuşdu və seçki günü tərtib olunmuş yekun protokollarda onlardan yalnız doqquzu fərqli fikir ifadə etmişdi. Bu fonda komissiya üzvlərinin dürüstlüyünü və vicdanlı fəaliyyətini şübhə altına almaq tamamilə qəbuledilməzdir. Qeyd olunan rəqəmlər və faktiki hallar isə seçki prosesinin şəffaflığını və çoxpartiyalılığını əks etdirir” – bəyanatda qeyd olunub.