MSK sədri ilə ATƏT-in baş katibinin görüşündə seçkilərlə bağlı məsələləri müzakirə ediblər
MSK sədri ilə ATƏT-in baş katibinin görüşündə seçkilərlə bağlı məsələləri müzakirə ediblər

 

Mərkəzi Seçki Komissiyasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu ilə görüş keçirilib.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin məlumatına əsasən, MSK sədri Qiorqi Kalandarişvili və onun müavini Qiorqi Şarabidze ATƏT-in baş katibinə və nümayəndə heyətinin üzvlərinə keçən ilin seçkiləri, eləcə də munisipalitet orqanlarının 4 oktyabr seçkilərinə hazırlıq barədə məlumat veriblər.

“MSK sədri görüşdə Gürcüstan Parlamentinin 26 oktyabr seçkiləri və elektron texnologiyaların geniş miqyasda tətbiqi haqqında ətraflı danışıb. Bu seçkilərlə bağlı mövcud çağırışları müzakirə ediblər.

Həmçinin, tərəflər ATƏT/DTİHB-nin tövsiyələrinin yerinə yetirilməsi baxımından vəziyyəti və bu istiqamətdə Seçki Administrasiyasının gələcək planları haqqında danışıblar. Qeyd edilib ki, ATƏT/DTİHB ilə əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir, bu isə seçki proseslərinin inkişafı ilə bağlı birgə səyləri dəstəkləyəcək” – MSK-nın məlumatında qeyd olunub.

MSK-nın məlumatına əsasən, oktyabrın 4-də keçiriləcək munisipalitet orqanlarının seçkiləri də görüşün əsas mövzusu olub. Qiorqi Kalandarişvili və Qiorqi Şarabidze seçkilərin yüksək peşəkarlıq səviyyəsində və beynəlxalq standartlara uyğun keçirilməsi üçün Seçki Administrasiyasının həm hüquqi, həm də texniki-logistika istiqamətində necə hazırlaşdığı barədə ətraflı danışıblar.

Həmçinin, görüşün iştirakçıları Seçki Administrasiyasının qarşısında duran ümumi çağırışları və onların həlli yollarını müzakirə ediblər. Görüşün sonunda tərəflər gələcəkdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi barədə razılığa gəldilər.

MSK-da keçirilən görüşdə Gürcüstanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandre Maisuradze, ATƏT-in xüsusi nümayəndəsi Teri Hakala, Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Katerine Fearon və baş katibin xüsusi müşaviri Zeynep Çelikeli də iştirak edirdi.