MSK-nın məlumatına görə, saat 17:00-a qədər seçki məntəqələrinə 1 175 817 seçici gəlib, bu isə ümumi seçici sayının 33,5 faizini təşkil edir
Saat 17:00-a qədər seçki məntəqəsinə 1 175 817 seçici gəlib ki, bu da ümumi seçici sayının 33,5 faizinə bərabərdir. Bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani brifinqdə bildirib.
İoselianinin sözlərinə görə, seçicilər elektron texnologiyaları yaxşı qəbul ediblər və maneəsiz şəkildə seçimlərini edirlər.
“Seçki prosesi əsasən sakit şəraitdə, prosedurlara riayət olunmaqla keçir. Lakin gözlənildiyi kimi, mühüm pozuntuların olmaması fonunda bəzi maraqlı tərəflərdən bülletenin arxa tərəfində marker izləri ilə bağlı spekulyativ açıqlamalar səslənir. Əvvəlcə bir daha vurğulamaq istəyirik ki, bülletenin arxa tərəfində marker izinin olması, əgər belə hal varsa, səsvermənin məxfiliyinin pozulması demək deyil, çünki seçicinin iradəsini müəyyənləşdirmək mümkün deyil. Bundan əlavə, seçici bülletenini səsvermə kabinəsindən çıxararkən onu çərçivə zərfində aparır, hansı ki, bülleteni tam örtür və beləliklə marker izini, əgər varsa, gizlədir.
Nəticə etibarilə, hələ ötən seçkilərdə bu mövzuya diqqət yönəldilməsi yalnız siyasi motivli spekulyasiya idi. Bununla belə, seçki administrasiyası bu kimi spekulyasiyaların qarşısını almaq üçün səs sayma aparatına əlavə örtük yerləşdirdi.
Seçki gününədək dəfələrlə qeyd etdiyimiz kimi, çərçivə zərfi və səs sayma aparatında bülleten üçün nəzərdə tutulmuş əlavə örtük sayəsində marker izinin sızması halında belə seçicinin iradəsini müəyyənləşdirmək mümkün deyil. Halbuki sızma izi özlüyündə pozuntu hesab olunmur, xüsusilə də iradəni müəyyənləşdirmək mümkün olmadıqda. Buna baxmayaraq, məsələnin yenidən spekulyativ şəkildə gündəmə gətirilməsi onu təsdiq edir ki, məxfilik mövzusu nəinki bu seçkilərdə, hətta ötən il də sadəcə manipulyasiya idi və faktlara söykənmirdi.
Qeyd etmək lazımdır ki, seçki prosesini bu gün səhərdən həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyirlər və onların qiymətləndirməsinə görə proses sakit və müsbət keçir. Yuxarıda deyilənləri nəzərə alaraq, seçicilərə çağırış edirik ki, əsassız və spekulyativ açıqlamalara inanmasınlar və yalnız seçki administrasiyasının rəsmi məlumatlarına etibar etsinlər. Lazım gələrsə, məlumatı seçki administrasiyasının müvafiq kommunikasiya vasitələrindən dəqiqləşdirsinlər”, – deyə İoseliani bildirib.
Məlumat üçün bildirək ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq. Ölkə üzrə 3 061 seçki məntəqəsi açılıb. Yerli seçkilərdə iştirak üçün 12 siyasi partiya qeydiyyatdan keçib.
MSK sədri Giorgi Kalandarişvilinin sözlərinə görə, ilkin nəticələr səsvermə başa çatdıqdan təxminən iki saat sonra açıqlanacaq.