MSK - Gürcüstan Prezidenti elektron seçki texnologiyalarını gözdən salır, qəti şəkildə bəyan edirik ki, seçki texnologiyaları oktyabrın 26-da düzgün işləyib
Mərkəzi Seçki Komissiyası bəyanat yayır, bəyanatda Gürcüstan Prezidentinin elektron seçki texnologiyalarını gözdən saldığı qeyd edilir.
MSK-da bildirirlər ki, elektron texnologiyaları gözdən salmaq cəhdi reallığın inkarından və siyasi maraqlara görə ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.
“Artıq bir neçə gündür ki, prezident ictimai çıxışlarında və ya müxtəlif yerli və beynəlxalq mediaya verdiyi müsahibələrdə əsassız, arqumentsiz və yalan ittihamlarla cəmiyyətdə texnologiyaya inamsızlıq oyadır.
Prezidentən mühüm seçkiləri ən yüksək səviyyədə təşkil edən Seçki Administrasiyasını beynəlxalq səviyyədə nüfuzdan salmağa çalışır. Seçkilərin yüksək səviyyədə və peşəkarlıqla idarə edilməsi ATƏT/DTİHB və digər beynəlxalq təşkilatların müşahidə missiyaları tərəfindən öz bəyanatlarında və qiymətləndirmələrində təsdiqlənib. Lakin prezident vəziyyəti başqa cür göstərməyə çalışır.
Salome Zurabişvili ictimaiyyəti əmin edir ki, seçkilər “tam saxtalaşdırılıb” və bunun üçün məsələn, bir şəxsiyyət vəsiqəsi ilə səsvermənin bir neçə dəfə baş verməsi kimi inanılmaz ittihamlar irəli sürür.
“Seçkiləri saxtalaşdırmaq üçün “erməni karuselindən” istifadə edilirdi – bir şəxsiyyət vəsiqəsi ilə təxminən 17 dəfə səs vermək mümkün olub” prezident “Associated Press” və “CNN”ə müsahibəsində bildirib.
Əslində, Amerikanın “PRO V&V” şirkətinin rəyi təsdiq edir ki, oktyabrın 26-da keçirilən seçkilərdə istifadə olunan elektron texnologiyalarla seçici siyahısında seçicinin təkrarlanması mümkün deyil və bir seçici siyahıya yalnız bir dəfə daxil edilib. Müvafiq olaraq bir şəxsiyyət vəsiqəsi ilə iki dəfə səs vermək, ikiqat yoxlama və bir seçicinin bir neçə seçki məntəqəsində qeydiyyatda olması imkansızdır.
Bununla bağlı sübut olmamasına baxmayaraq, prezident “texnologiyanın saxtakarlığı ağartmaq üçün istifadə edildiyinə” əmin edir və özünün dediyi kimi, bu barədə beynəlxalq media və müxtəlif ölkələrin birinci şəxsləri ilə intensiv şəkildə danışır.
İctimaiyyətə xatırladaq ki, seçki prosesində texnologiyaların tətbiqi “Smartmatic” şirkəti ilə əməkdaşlıqla həyata keçirilib, şirkətin 30-dan çox ölkədə seçkilərin müasirləşdirilməsi təcrübəsi var, o cümlədən bu günə olan vəziyyətə görə, sözügedən şirkət ABŞ-ın ən böyük seçki dairələrindən birinə, Kanadanın bəzi əyalətləri, Belçika, Estoniya, Argentina, Avstraliya, Albaniya, Bolqarıstan, Ermənistan və s. texnoloji dəstək göstərir. Seçki Administrasiyası qəti şəkildə bəyan edir ki, oktyabrın 26-da seçki texnologiyaları düzgün işləyib və bunu prosesi müşahidə edən bütün beynəlxalq və yerli müşahidə təşkilatları, seçki subyektləri və media nümayəndələri görüb. Bütün bunların fonunda elektron texnologiyaları gözdən salmaq cəhdi reallığın inkarından və siyasi maraqlara görə ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil” – Mərkəzi Seçki Komissiyasının bəyanatında deyilir.