MSK - Bütün iştirakçı tərəflərə bir daha aydın şəkildə çağırış edirik, əsassız, sübutlardan məhrum ittihamlardan çəkinsinlər, yalandan siyasi silah kimi istifadə etməsinlər
Munisipalitet orqanlarının seçkilərinin yaxınlaşması ilə birlikdə, maraqlı tərəflər tərəfindən Seçki Administrasiyasının və ümumiyyətlə, seçki prosesinin gözdən salınması cəhdi faktları daha da intensiv xarakter alır – bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının bəyanatında deyilir.
“2024-cü ilin parlament seçkilərinin keçirilməsindən səkkiz ay keçib və bu vaxta qədər heç kim seçkilərin guya saxtalaşdırılması ilə bağlı müəyyən siyasi subyektlərin ittihamlarını təsdiqləyən konkret sübut təqdim etməyib. Heç kim minimal inandırıcı fakt belə təqdim etməyib. Lakin indi, özünüidarəetmə seçkilərində partiyaların iştirak məsələsi gündəmdə olarkən, konkret subyektlər tərəfindən seçkilərin guya pozuntularla keçiriləcəyi və buna görə də seçkilərdə iştirakın mənasının olmaması kampaniyası aktivləşib.
Aydın şəkildə deyilməlidir ki, seçkilərdə kimin iştirak edəcəyi və ya kimin iştirak etməyəcəyi məsələsi Seçki Administrasiyasının səlahiyyətinə və maraq dairəsinə daxil deyil. Qurum hələ ilin əvvəlindən yaxınlaşan munisipalitet seçkiləri, eləcə də ötən digər seçkilərin yüksək peşəkarlıq səviyyəsində, standartlara tam riayət edilməklə keçirilməsi üçün praktiki olaraq fasiləsiz rejimdə çalışır. Bu, bizim birbaşa məsuliyyətimiz və öhdəliyimizdir və heç kimə siyasi spekulyasiyalar vasitəsilə bu prosesə zərər vurmasına imkan verməyəcəyik.
Biz başa düşürük ki, siyasi partiyaların öz gündəliyi var, onlar siyasi məqsədlər uğrunda mübarizə aparmaq və ictimai müzakirədə iştirak etmək hüququna malikdirlər, lakin seçkilərin guya saxtalaşdırıldığı barədə təsdiqləyici formada bəyanatlar, “nə istəyirlər yazacaqlar” və s. kimi ifadələr bütün qəbul edilən hədləri aşır.
Bəzi siyasətçilər inadla 2024-cü ilin parlament seçkilərinin digərləri ilə birlikdə, onlar tərəfindən təyin edilmiş komissiya üzvləri tərəfindən də idarə olunduğunu və nəticələrlə bağlı icmal protokola minlərlə üzvdən yalnız doqquzunun xüsusi rəy əlavə etməsi faktını cəmiyyətə unutdurmağa çalışırlar ki, bu da danılmaz sübutdur ki, bu partiyaların özlərinin təyin etdiyi komissiya üzvlərinin və nümayəndələrinin nəticələrlə bağlı heç bir sual işarəsi olmayıb.
Yuxarıda qeyd olunanların hamısı açıq şəkildə göstərir ki, məqsədi Seçki Administrasiyasının şəffaf və müsbət gündəmini kölgədə qoymaq, seçki prosesinə məqsədli şəkildə zərər vurmaq və onu nüfuzdan salmaq, həm ölkə daxilində, həm də xaricdə nəticələrlə bağlı inamsızlıq və sual işarəsi yaratmaq olan hüquqi arqumentlərə əsaslanan mövqe ilə deyil, tamamilə əsassız, siyasi motivli ittihamlarla qarşı-qarşıyayıq.
Ona görə də bütün iştirakçı tərəflərə bir daha və aydın şəkildə çağırış edirik, əsassız, sübutlardan məhrum ittihamlardan çəkinsinlər. Yalandan siyasi silah kimi istifadə etməsinlər.
Biz isə fəaliyyətimizi peşəkarlıqla, ehtiyatla və bərabər, azad və ədalətli seçkilərin əsasını təşkil edən dəyərlərə sarsılmaz sədaqətlə davam etdirəcəyik” – MSK-da bildirirlər.