Moskvadan işğal olunmuş Abxaziya bölgəsinə son 30 ildə ilk uçuş həyata keçirilib
Moskvadan işğal olunmuş Abxaziya bölgəsinə son 30 ildə ilk uçuş həyata keçirilib. Rusiya mediasının yazdığı kimi, uçuş Vnukovo Hava Limanından “ЮВТ аэро” aviaşirkətinə məxsus təyyarə ilə həyata keçirilib. Bu, 1993-cü ildən sonra Rusiyadan işğal olunmuş Abxaziyaya ilk müntəzəm aviareysdir.
İşğal olunmuş Abxaziyanın marionet rejimi Suxumi Hava Limanının açılışını elan edib. Dırnaqarası açılış mərasimində işğalçı rejimin nümayəndələri ilə birlikdə, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Serqei Kirienko iştirak edirdi.
Rusiya hökumətinin nümayəndəsi Moskvadan sonra müntəzəm reyslərin Suxumini Rusiyanın şəhərləri ilə birləşdirəcəyini bildirib.
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Suxumi Hava Limanının qeyri-qanuni fəaliyyətə başladılması və işğal olunmuş Abxaziya bölgəsində hava hərəkətinin başladılması ilə bağlı narahatlığını ifadə edir.
“Rusiyaya məxsus aviaşirkət tərəfindən 2025-ci ilin mayın 1-də işğal olunmuş Abxaziya bölgəsinə aviareysin qanunsuz yerinə yetirilməsi, eləcə də işğalçı rejimlə Suxumi Hava Limanının Rusiyaya verilməsi və istismarı ilə bağlı bağlanmış dırnaqarası razılaşma Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün, işğal olunmuş ərazilər haqqında Gürcüstan qanununun, beynəlxalq hüququn fundamental prinsipləri və normalarının, o cümlədən BMT Nizamnaməsinin və həm Gürcüstan, həm də Rusiya Federasiyasının üzv olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasının kobud şəkildə pozulması deməkdir” – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.