Moskvada Ural Azərbaycan diasporasının lideri Şahin Şıxlinski saxlanılıb və Rusiya İstintaq Komitəsinə dindirilməyə aparılıb
Moskvada Ural Azərbaycan diasporasının lideri Şahin Şıxlinski saxlanılıb və Rusiya İstintaq Komitəsinə dindirilməyə aparılıb

Moskvada Ural bölgəsindəki Azərbaycan diasporasının lideri saxlanılıb. Rusiya mediasının yazdığına görə, “Azərbaycan–Ural” təşkilatının sədri Şahin Şıxlinski Rusiya İstintaq Komitəsinə dindirilməyə aparılıb.

Jurnalistlərin məlumatına əsasən, Şıxlinskiyə qarşı iki cinayət işi açılıb – onlardan biri qətl, digəri isə dövlət nümayəndəsinə qarşı fiziki güc tətbiqi ilə bağlıdır. Hazırda onun hansı statusda – təqsirləndirilən, şahid və ya başqa – saxlanıldığı məlum deyil.

Xatırladaq ki, iyul ayının sonunda Ural bölgəsindəki Azərbaycan diasporasının liderinin axtarışa verildiyi məlum olmuşdu.

Rusiya rəsmi dairələri hələlik Şıxlinskinin saxlanması ilə bağlı heç bir açıqlama verməyiblər.

“Komersant” nəşrinin yazdığına görə, Rusiya hüquq-mühafizə orqanları Şahin Şıxlinskini etnik dəstə başçısı hesab edirlər. Nəşrin mənbəsi bildirir ki, onun rəhbərlik etdiyi qrupun üzvləri müxtəlif qanunsuz fəaliyyətlərlə məşğul olublar – o cümlədən fahişəliyin təşkilində, pornoqrafiyanın yayılmasında və narkotik ticarətində iştirak ediblər.

Qeyd edək ki, Şıxlinskinin saxlanılması Rusiya və Azərbaycan arasında gərgin münasibətlər fonunda baş verib. Bu gərginlik iyunun 27-də Yekaterinburqda rus hüquq-mühafizə orqanlarının keçirdiyi reydlərdən sonra yaranıb. Həmin reydlər zamanı bir neçə azərbaycanlı saxlanılmış və iki nəfər ölmüşdü. Azərbaycan Baş Prokurorluğu onların döyülməsi nəticəsində öldüyünü bəyan etmişdi.

Yekaterinburqdakı reydlərə cavab olaraq, Bakıda 20-yə yaxın Rusiya vətəndaşı, o cümlədən Rusiya mətbuat agentliyi “Sputnik”in jurnalistləri saxlanılmışdı.