Moskvada benzinin satışına yenidən məhdudiyyətlər tətbiq edilib
Moskvada benzinin satışına yenidən məhdudiyyətlər tətbiq edilib. Rusiya mediasının məlumatına görə, paytaxtda ən azı iki yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın satışına limit qoyulub.
“Qazprom Neft”in qaynar xəttində bildirilib ki, bir müştəriyə maksimum 40 litr yanacaq verilə bilər. Daha sonra şirkət limiti dəqiqləşdirərək bunun 60 litr olduğunu açıqlayıb.
“Tatneft” yanacaqdoldurma məntəqələrində isə bir müştəriyə maksimum 50 litr benzin və 60 litr dizel yanacağı satılır.
Bundan əlavə, Moskvada AI-95 markalı benzin qıtlığı müşahidə olunur. Avqustun 18-i axşam saatlarına olan məlumata görə, bu növ yanacaq Moskvada “Neftmagistral”ın yalnız bir yanacaqdoldurma məntəqəsində mövcud olub.
Qeyd edək ki, Moskvadakı yanacaqdoldurma məntəqələrində benzin satışına məhdudiyyətlər iyun ayından tətbiq olunmağa başlayıb. Limitlər, o cümlədən “Tatneft”, “Rosneft” və “Lukoyl” tərəfindən tətbiq edilib. Daha sonra məhdudiyyətlər aradan qaldırılsa da, avqustun əvvəlində Rusiyada yanacaq böhranının ikinci dalğası başlayıb.
“İzvestiya”nın məlumatına görə, avqustun 16-na olan vəziyyətə əsasən, Rusiyadakı yanacaqdoldurma məntəqələrinin yalnız 28%-də benzin və dizel yanacağı mövcud olub.
Rusiyanın energetika naziri Sergey Tsivilyov yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının olduğunu bildirib, lakin məntəqələrdə növbələrin yarandığını da etiraf edib.