“Moscow Times” – Ermənistan rus təbii qazından asılılığını azaltmaq məqsədilə Türkmənistandan qaz almaq istəyir
“Moscow Times”ın məlumatına əsasən, Ermənistan təbii qazın tədarükü ilə bağlı Türkmənistanla danışıqlara başlayıb. Bu haqda bəyanatı Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan verib.
O, “Türkmengaz” dövlət konserni ilə müqavilənin imzalanmasının planlaşdırıldığını bildirib. Ermənistan qazı SWOP olaraq bilinən sxemlə İran vasitəsilə alacaq. İran tranzitə artıq razılıq verib.
Tumanyan dəqiqləşdirib ki, 600 milyondan 1 milyard kubmetrə qədər qazın tədarükündən söz gedir, lakin qiymət məsələsi hələ həll edilməyib.
“Biz həmçinin Türkmənistan qazının Ermənistan və Gürcüstan vasitəsilə tranzit imkanlarını müzakirə edirik və Tbilisi artıq buna razılaşıb” – Tumanyan bildirib. Onun bəyanatına əsasən, bu, Türkmənistandan Qara Dəniz hövzəsi ölkələri üçün qaz təchizatını təmin etməyə imkan verəcək.
Məlumat üçün bildirək ki, hazırda Ermənistanda daxili istehlak üçün nəzərdə tutulan təbii qazın yeganə tədarükçüsü Rusiyanın “Gazprom” şirkətidir. Təbii qaz Ermənistan Respublikasına Gürcüstan vasitəsilə daxil olur və onun qiyməti min kubmetr üçün 165 dollar təşkil edir. Həmçinin, Ermənistan İranla “elektrik enerjisi qarşılığında qaz” proqramı çərçivəsində əməkdaşlıq edir.