Moldovanın paytaxtı Kişinyov yaxınlığında, ehtimal ki, drona aid qalıqlar aşkarlanıb

15:43, 18.09.2026

Moldovanın paytaxtı Kişinyov yaxınlığındakı Koloniça kəndində, ehtimal ki, drona aid qalıqlar aşkarlanıb. Bu barədə Moldova Respublikasının Polis İdarəsindən bildirilib.
Hazırda hadisə yerində polisin texniki və partlayıcı maddələr üzrə şöbəsinin mütəxəssisləri çalışır. Onlar zəruri yoxlamalar aparır və aşkarlanan qalıqları araşdırırlar.

Qeyd edək ki, sentyabrın 18-nə keçən gecə Kişinyov yaxınlığındakı Koloniça kəndində güclü partlayış səsi eşidilib. Moldova Müdafiə Nazirliyinin məlumatına görə, həmin gecə ölkənin hava məkanının pozulması qeydə alınmayıb.

Məlumata görə, Ukraynaya hücumlar zamanı Rusiyanın istifadə etdiyi zərbə vasitələri mütəmadi olaraq Moldovanın hava məkanına daxil olur. Sentyabrın 17-nə keçən gecə də dron ölkənin hava məkanını pozub və demək olar ki, dərhal Ukrayna istiqamətində geri uçub.

Bundan başqa, son dövrlərdə Rusiya Moldova və Rumıniya ilə sərhəddə yerləşən Ukraynanın infrastruktur obyektlərini də bombalamağa başlayıb.

Oxşar