Moldovanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səslərin demək olar ki, 100 faizinin sayılması nəticəsində, Maia Sandunun partiyası 50.03 faiz səslə birinci yerdədir
Moldovanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səslərin demək olar ki, 100 faizinin sayılması nəticəsində, Moldovanın indiki prezidenti Maia Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası 50.03 faiz səslə birinci yerdədir. İkinci yeri isə 24.26 faizlə sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi Rusiyayönümlü “Vətənpərvərlik bloku” tutur. Paytaxt merinin rəhbərlik etdiyi “Alternativ” seçki bloku seçki həddini keçib və 7.99 faizlə üçüncü yerdədir. “Bizim partiya” 6.21 faizlə dördüncü yeri tutur. Beşinci yerdə isə 5.63 faizlə “Ləyaqət və Həqiqət Platforması” partiyası qərarlaşıb.
Rəsmi nəticələr elan edilməzdən əvvəl mediada “Fəaliyyət və Həmrəylik” partiyasının 52 mandatla sadə parlament çoxluğunu qazanacağını ehtimal edirlər. “Vətənpərvərlik bloku”nun 28 deputatı olacaq, “Alternativ” blokunun – doqquz, “Bizim partiya” və “Ləyaqət və Həqiqət Platforması” partiyasının isə hər biri altı mandatla parlamentə daxil olacaqlar.
Moldovanın parlament seçkilərində fəallıq 52 faizi ötüb.