Moldovanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, bülletenlərin 100%-i sayıldıqdan sonra Maia Sandunun partiyası 50.2 faiz səs qazanıb və sadə parlament çoxluğunu əldə edəcək
Moldovanın Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizini sayıb. MSK-nın məlumatına əsasən, indiki prezidenti Maia Sandunun “Fəaliyyət və Həmrəylik” partiyası 50.2% səs toplayıb. İkinci yeri isə 24.17 faizlə sabiq prezident İqor Dodonun “Vətənpərvərlik bloku” tutur.
“Alternativ” seçki bloku 7.96 faiz, “Bizim partiya” 6.2, “Ləyaqət və Həqiqət Platforması” isə 5.62 faiz səs toplayıb. Müvafiq olaraq, Maia Sandunun “Fəaliyyət və Həmrəylik” partiyası sadə parlament çoxluğunu – 55 mandatla əldə edəcək.
“Vətənpərvərlik bloku”nun 26 deputatı olacaq, “Alternativ” blokunun – səkkiz, “Bizim partiya” və “Ləyaqət və Həqiqət Platforması” isə hər biri altı mandatla parlamentə daxil olacaqlar.
Moldovanın parlament seçkilərində fəallıq 52 faizi ötüb.