Moldovanın hava məkanında reaktiv mühərrikli dron aşkarlanıb. Buna görə ölkənin şimal və mərkəzi hissələrində hava məkanı müvəqqəti bağlanıb

15:39, 30.09.2026

Moldovanın hava məkanında daha bir pilotsuz uçuş aparatı, bu dəfə saatda 400 kilometr sürətlə hərəkət edən reaktiv mühərrikli dron aşkarlanıb. Buna görə hakimiyyət ölkənin şimal və mərkəzi hissələrində hava məkanını müvəqqəti bağlayıb. Bu barədə Moldovanın Müdafiə Nazirliyi məlumat yayıb.

Moldova Müdafiə Nazirliyinin məlumatına görə, Milli İnteqrasiya Olunmuş Monitorinq Sistemi pilotsuz uçuş aparatının sentyabrın 30-da saat 10:26-da Dubosarı rayonunun Lunqa yaşayış məntəqəsi ərazisindən uçduğunu qeydə alıb.

Qurumun məlumatına görə, dron ölkənin hava məkanında aşkar edildikdən sonra şimal istiqamətində hərəkət edib. Bununla əlaqədar mərkəzi zonada tətbiq edilən məhdudiyyət daha sonra aradan qaldırılıb və hava məkanı açılıb.

Son məlumatlara görə, dron Dondüşeni rayonunun Arioneşti yaşayış məntəqəsi yaxınlığında monitorinq sistemlərinin müşahidə dairəsindən çıxıb. Bundan sonra ölkənin şimal hissəsində də hava məkanı açılıb.

Moldovanın Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 30-da ölkənin hava məkanında dronların aşkarlanması Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar fonunda baş verib.

Moldovanın Hava Əməliyyatları Xidməti səlahiyyətli qurumlar və tərəfdaşlarla koordinasiya şəraitində ölkənin hava məkanını monitorinq etməyə davam edir.

Oxşar