Moldovada siyasi partiyaların qanunsuz maliyyələşdirilməsi, çirkli pulların yuyulması və seçicilərə rüşvət verilməsi işi üzrə istintaq çərçivəsində yenidən axtarış aparılır
Moldovada siyasi partiyaların qanunsuz maliyyələşdirilməsi, çirkli pulların yuyulması və seçicilərə rüşvət verilməsi işi üzrə istintaq çərçivəsində yenidən axtarış aparılır.
Ölkənin Korrupsiya ilə Mübarizə Milli Mərkəzinin məlumatına əsasən, Dondiuşan və Qlodiani yaşayış məntəqələrində axtarış aparılır. İş çərçivəsində 7 nəfər şübhəli bilinir.
“İstintaqın gedişatında bəzi siyasi partiyaların qeyri-qanuni dəstəklənməsi üçün istifadə edilən əsassız köçürmələr və ödənişlərlə bağlı şübhəli fəaliyyət aşkar edilib” – hüquq-mühafizə orqanlarında bildiriblər.
Qurumda qeyd edirlər ki, şübhəlilərlə axtarış zamanı rus bank kartları, mobil telefonlar və yaddaş kartları aşkar edilib. Bundan başqa, Moldova polisində bildirirlər ki, Beltsi şəhərində parlament seçkilərinin nəticələrinə təsir göstərmək məqsədilə seçicilərə rüşvət verməkdə şübhəli bilinən 47 yaşlı kişini saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, şəxs “İlan Şorun cinayətkar qruplaşması”nın fəalı və seçkilərdə iştirak edən partiyalardan birinin tərəfdarıdır.
Moldovanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə seçki dövrü başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları iki mindən çox ünvanda axtarış aparıblar. Təkcə bu həftə ölkədə sabitliyin pozulması planı işi ilə bağlı istintaq çərçivəsində 74 nəfəri saxlayıblar.
Moldova hakimiyyəti ölkədə sabitliyi pozmaq kampaniyasının əsas siması kimi rusiyayönlü oliqarx İlan Şoru göstərir. İlan Şor 2015-ci ildə Moldova bank sistemindən bir milyard dolların çıxarılması qalmaqalının fiqurlarından biridir. 2019-cu ilin iyununda Şor Moldovanı tərk edib. 2023-cü ildə Kişinyov məhkəməsi ölkədən qaçan iş adamını qiyabi olaraq 15 il həbs cəzasına məhkum edib.
Moldovada parlament seçkiləri 2025-ci ilin sentyabrın 28-də keçiriləcək.